Əsas Səhifə > Güney Press > COP29-a qədər sülh müqaviləsi imzalanacaq?

COP29-a qədər sülh müqaviləsi imzalanacaq?


29-05-2024, 17:55
COP29-a qədər sülh müqaviləsi imzalanacaq?
Ermənistanın Baş naziri Nikol Paşinyan bu ilin noyabrında Bakıda keçiriləcək COP29 iqlim konfransı ərəfəsində sülh müqaviləsinin imzalana biləcəyinə münasibət bildirib.

Paşinyan deyib ki, tərəflər mətn üzərində işi tam başa çatdıra bildikdən sonra yer və vaxt daha çox müzakirə oluna bilər.

Onun sözlərinə görə, tərəflər bundan əvvəl Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər:

“Lakin indi bu prinsipləri kağız üzərində təkrarlamaq lazımdır”.

Qeyd edək ki, COP29 iqlim konfransının Bakıda keçirilməsinə dair təklifi Ermənistanın dəstəkləməsindən sonra noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılaraq çərçivə sazişinin imzalancağına dair proqnozlar səslənir.

Bunun ardınca, iki ölkə arasında birbaşa danışıqların baş tutması, işğal altındakı dörd kəndin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyası ilə bağlı ilkin nəticələrin əldə olunması COP29-a qədər sülh sazişinin imzalanacağına dair siyasi əminliyə səbəb olub.

Hətta çərçivə müqaviləsi imzalanacağı təqdirdə, tərəflər arasında münasibətlərin normallaşmasına yönəlik siyasi jest kimi Nikol Paşinyanın da iqlim konfransında iştirak etmək üçün Bakıya dəvət ediləcəyinə dair ehtimalları müzakirə predmetinə çevirib.

Lakin Paşinyanın açıqlamasında sülh sazişinin mətni ilə bağlı konkret şərtlərin öz əksini tapdığını görmək olar. Yəni Ermənistan tərəfi üçün sülh müqaviləsinin COP29-a qədər imzalanmasından daha çox öz şərtlərinin qəbul edilməsinə üstünlük verir.

Paşinyan 2022-ci il Praqa və 2023-cü il Brüssel bəyannamələrində Azərbaycan və Ermənistanın ərazi bütövlüyünün qarşılıqlı tanınması barədə razılaşmanın sülh müqaviləsinin mətninə daxil edilməsinin vacibliyinə işarə edir.

Söhbət Almatı Bəyannaməsinə əsasən Azərbaycanın 86,6 min kv.km., Ermənistanın isə 29743 kv.km. ərazi bütövlüyünün tanınmasından gedir. Paşinyan dolayısı ilə bu razılaşmanın sülh müqaviləsində xüsusi bənd kimi qeyd olunmasını təklif edir.

Əslində, Ermənistan tərəfi bu məsələni xarici işlər nazirləri səviyyəsində aparılan danışılarda da gündəmə gətirib. Lakin Azərbaycan bu təklifi məqbul hesab etmir və müqavilənin İrəvana təqdim edilmiş 5 prinsip əsasında imzalanmasının tərəfdarı olduğunu bəyan edir.

Ancaq Paşinyan hökuməti sərhədlərin delimitasiyası və demarkasiyası aparılmadan, yaxud bu proses başa çatmamış Ermənistanın ərazi bütövlüyünün 29743 kv.km. təşkil etdiyinə dair razılaşmanın hüquqi öhdəlik kimi Azərbaycan tərəfindən qəbul edilməsinə çalışır.

Halbuki, Ermənistanın ərazisi ilə bağlı yekun rəqəmi sərhədlər müəyyənləşdikdən sonra söyləmək mümkündür. Çünki hazırda Ermənistanın Azərbaycanla rəsmi sərhəddi demək olar ki, yoxdur. Yalnız iki ölkə arasında aparılmış delimitasiya işlərindən sonra Qazax rayonunun Tavuş vilayəti ilə 12,7 kilometr legitim sərhəddi yaranıb. Sovet dövründə mövcud olmuş 1007 kilometrlik inzibati sərhədin 994,3 kilometrlik hissəsi isə şərti hesab olunur.

Bu da Ermənistanın Birinci Qarabağ müharibəsində Azərbaycanla sərhədləri tanımaqdan imtina etməsi ilə bağlıdır. Ona görə də Ermənistanın bu iddiasının hüquqi əsası yoxdur. Konstitusiya ilə Ermənistan 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının siyasi varisidir. Həmin dövrdə Ermənistanın ərazisi 9 min kv.km. təşkil edib.

Paşinyanın təklif etdiyi xəritələr isə Ermənistanm SSR-ə aiddir. Yəni Paşinyan Sovet dövründə qanunsuz olaraq Azərbaycandan qoparılmış torpaqların Ermənistan ərazisi kimi rəsmi Bakı tərəfindən tanınmasını istəyir.

Eyni zamanda, Almatı Bəyannaməsində respublikaların ərazisini göstərən konkret rəqəmlər yoxdur. Sənədin 3-cü bəndi respublikaların ərazi bütövlüyünə hörmətlə yanaşılmasını və sərhədlərin dəyişdirilməməsini nəzərdə tutur.

Lakin Ermənistan Azərbaycana qarşı işğalçılıq müharibəsi aparmaqla həmin prinsipdən imtina edib. İndi isə yalnız sərhədlərin delimitasiyası və demarkasiyası başa çatdıqdan sonra Ermənistanın ərazi bütövlüyündən dəqiq danışmaq olar.

Nikol Paşinyan “yer və vaxt daha çox müzakirə oluna bilər” - deməklə sülh sazişinin COP29 tədbirindən sonra da imzalanacağına işarə edib.

cebheinfo.az

Geri qayıt