Əsas Səhifə > Güney Press > “Deyirlər ki, Şuşaya köçənlər iş tapmayıb geri qayıdacaqlar...”

“Deyirlər ki, Şuşaya köçənlər iş tapmayıb geri qayıdacaqlar...”


29-05-2024, 17:51
“Deyirlər ki, Şuşaya köçənlər iş tapmayıb geri qayıdacaqlar...”
“Mən may ayının 10-dan Şuşaya gəlmişəm, artıq 20 gündür ki, buradayam. Hazıda Şuşada daimi yaşayıram və burada da işləyirəm. İşlə təmin olunmuşam, Şuşa Şəhər Dövlət Qoruğu İdarəsində çalışıram və işdən kənar vaxtlarımda Şuşanı gəzirəm, yenidən öyrənirəm, Şuşa haqda yeni yazılar hazırlayıram. Qələm adamı rejimlə yaxud fasilə ilə işləmir…”

Bu sözləri Yenisabah.az-a bir müddətdir Şuşaya köçərək orada yaşayan tanınmış jurnalist Kərim Kərimli deyib.

O, Şuşaya köçmək istəyənlərlə müşahidələrini bölüşüb:

“Ümumiyyətlə, həmişə insanlarda köçməklə bağlı narahatlıqlar olur, lakin bu narahatlıqlar heç də həmişə əsaslı olmur. Biz illər əvvəl öz dədə-baba torpaqlarımızdan çıxdıq, evsiz, əşyasız, işsiz qaldıq, Bakıya gəldik. Bu illər ərzində özümüzə iş, şərait, yaşayış yeri qurduq, hər şeyi sıfırdan başladıq. İndi hər şeyimiz ola-ola, azad vətənimizə qayıdırıq. Bu qayıdış üçün hər cür təminatımız varsa, niyə nigaran olmalıyıq? Biz öz evimizə qayıdırıq. Üstəgəl, köməklə, ləyaqətlə qayıdırıq, qaçanda qaçdığımız kimi qayıtmırıq.

İş yerlərinə gəlincə, bəli, iş yerləri həddən artıq çox deyil, amma həddən artıq az da deyil. Qarabağın azad edilmiş əraziləri ilə parallel yeni iş yerləri də yaradılır. Şuşada Üzeyir Hacıbəyov adına 1 saylı şəhər tam orta məktəbi istifadəyə verilib və sentyabr ayından öz qapılarını şagirdlərin üzünə açacaq. Artıq o məktəbdə müəyyən qədər müəllim heyəti toplanıb və xeyli sayda şagird siyahıya alınıb. Məktəb varsa, müəllim də, təhsil də olacaq, dərs də keçiləcək. O cümlədən, Şuşada hazırda nəhəng bir xəstəxana tikilir və ehtimalıma görə, bu ilin sonunda istifadəyə verilə bilər. Həmin xəstəxanada xeyli sayda həkim, tibb bacısı və digər xəstəxanaya uyğun personal işlə təmin olunacaq. Şəhərdə xeyli otel tikilib, 5-I istifadəyə verirlib və tikilməkdə davam edir. 23 yaşayış binası istifadəyə verilib və əhali bura köçürülür. Yaşayış binalarının texniki heyəti var, suyuna, işığına, istilik təminatına baxan adamlar var. Məskunlaşma ilə iş yerləri parallel yaradılıb. Yəni mən işğaldan azad olunmuş torpağa gedəcəyəm və iş tapa bilməyib geri qayıdacağam söhbətinin əsası yoxdur. İnsanlar əvvəlcədən iş yerləri müəyyən olmaqla köçürülür. Ona görə də məncə, kütləvi surətdə torpaqlarımıza qayıdıb, burada yenidən məskunlaşmaq lazımdır. Çalışmaq laızmdır ki, Qarabağ ölkəmizin ən canlı, cəlbedici bölgəsinə çevrilsin”.

Jurnalist bildirib ki, Şuşa şəhəri digər bölgələrə nisbətən iqtisadi və sosial baxımdan daha cəlbedici olacaq:

“Zənnimcə, Şuşa digər bölgələrdən daha canlı və cəzbedici olacaq, çünki burada mədəniyyət və mədəni müəssisələrin inkişafı sürətli olacaq. Həm də Şuşa bir növ Azərbaycanın, Qafqazın, türkdilli ölkələrin, İslam ölkələrinin, hətta dünyanın müəyyən tədbirlərinin müntəzəm keçiriləcəyi müntəzəm mərkəzə çevriləcək. İndi ildə bir neçə dəfə bu cür tədbirlər olur və getdikcə də çoxalacaq. Üstəgəl, Şuşanın çox cazibədar, ecazkar qəsəbələri, kəndləri var, ətrafında misilsiz meşələri, qayalıqları, bulaqları, kanyonları, şəlalələri var. Bütün bunlar burada turizmin sürətli inkişaf edəcəyini indidən göstərir. Həmçinin Şuşa müalicəvi kurort-sanatoriya bölgəsidir. İnanıram ki, bütün bunlara görə, Şuşada iqtisadiyyat güclü inkişaf edəcək”.

Geri qayıt