Əsas Səhifə > Güney Press > Bir neçə gün sonra 50 qəpiyə satılacaq:

Bir neçə gün sonra 50 qəpiyə satılacaq:


29-05-2024, 18:56
Bir neçə gün sonra 50 qəpiyə satılacaq:
Azərbaycanın bəzi bölgələrində təzə kartof yığımı başlayıb.

Fermerlərin sözlərinə görə, bu il ötən illə müqayisədə məhsuldarlıq nisbətən zəif, qiymətlər isə yüksəkdir.

Bu səbəbdən mövsümü yaxşı qazancla başa vuracaqlarına ümid edirlər.

Qeyd edək ki, ölkəmizdə kartofa illik tələbat 800-840 min ton təşkil edir. Bu isə aylıq 65-70 min ton tələbat deməkdir. Adətən, illik tələbatın 90 faizi yerli istehsal, digər 10 faiz isə idxal mənbələri hesabına ödənilir. Bəs bu il ümumiyyətlə, bölgələrdə məhsuldarlıq necədir? Qiymətlərlə bağlı hansı proqnozlar var? Bu sahədə ixrac imkanları nə yerdədir?

İqtisadçı-alim Vüqar Qocayev “Cebhe.info”-ya açıqlamasında deyib ki, yaxın bir neçə həftə ərzində təzə kartofun topdan və pərəkəndə satış qiyməti ucuzlaşacaq:

“Bu il kartofun bir qədər baha qiymətə təklif edilməsinə səbəb əkin sahələrinin azalması ilə bağlıdır. Belə ki, keçən il Cəlilabadda 6000 hektara yaxın sahədə kartof əkilmişdi, bu il isə 3000 hektara yaxın sahədə kartof əkilib. Yaxın bir neçə həftə ərzində digər rayonlarda kütləvi kartof yığımına başlanılacaq. Nəticədə topdansatış qiymətlərinin ucuzlaşacağı gözlənilir”.

İqtisadçı vurğulayıb ki, bu il məhsuldarlığın bol olacağı proqnozlaşdırılır:

“Builki hava şəraiti kənd təsərrüfatı məhsullarının, o cümlədən kartofun becərilməsi üçün əlverişli olub. Sadəcə, son iki həftədir ki, havalar qeyri-sabit keçir. Bu da kütləvi yığıma başlama prosesini ləngidir. İndiki qiymətlər istehlakçıları qorxutmamalıdır. Bir müddətdən sonra təzə kartofun bir kiloqramı 50-60 qəpiyə qədər ucuzlaşacaq. Yəni qiymətlər təxminən ötən illə müqayisədə eyni səviyyədə olacaq.

Payıza doğru isə inflyasiya ilə bağlı 10 faizə yaxın bahalaşma müşahidə ediləcək”.

Geri qayıt