Əsas Səhifə > Güney Press > Azərbaycanda metro və avtobus pulsuz ola bilər

Azərbaycanda metro və avtobus pulsuz ola bilər


27-05-2024, 19:10
Azərbaycanda metro və avtobus pulsuz ola bilər
İctimai nəqliyyat sistemi insanların gündəlik həyatında böyük rol oynayır.

Bu sistemlər nəinki ətraf mühitin qorunmasına kömək edir, həm də şəhər sakinlərinin həyatını asanlaşdırır. Bəzi şəhərlərdə bu sistemlər tamamilə pulsuzdur. Belə şəhərlər həm yerli sakinlər, həm də turistlər üçün cazibəlidir. Məsələn, Estoniyanın paytaxtı Tallin 2013-cü ildə dünya miqyasında ilk dəfə bütün şəhər daxilində ictimai nəqliyyatı pulsuz edən şəhər olub. Bu addım şəhər rəhbərliyinin daha çox insanı avtomobillərdən uzaqlaşdırmaq və ictimai nəqliyyatdan istifadə etməyə təşviq etmək məqsədi ilə atıldı.

Nəticədə, Tallində yaşayanlar artıq şəhər daxilində avtobus, tramvay və troleybuslardan pulsuz istifadə edə bilirlər.

Maraqlıdır, ölkəmizdə ictimai nəqliyyatın pulsuz olması mümkündür?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cebhe.info”-ya açıqlamasında deyib ki, ölkəmizdə ictimai nəqliyyatın pulsuz olması yuxu kimi görünür:

“Çünki ölkəmizdə ictimai nəqliyyatda olan məsələlər hələ həll olunma mərhələsindədir.

Kifayət qədər çox nöqsanlar var ki, onların üzərində çalışılır. Hələ o problemlər həll olunmayıb. Düşünmürəm ki, ictimai nəqliyyat ölkəmizdə pulsuz olsun”.

Ekspert vurğulayıb ki, daşıma şirkətləri, o cümlədən metronun gəlirləri ilə bağlı açıqladığı rəqəmlər ziyanla işlədiklərini göstərib:

“Hazırda bir çox daşıyıcı şirkətlər, əsasən də metronun fəaliyyətində kifayət qədər kəsirlər var. O baxımdan onların pulsuz işləyicəyini demək sadəcə bir xəyal olardı. O qurumlarda olan nöqsanlar, problemlər aradan qaldırılarsa, yaxın zamanda olmasa da, uzaq zamanda bu barədə danışmaq olar”.

Milli Məclisin deputatı Fəzail Ağamalı isə bildirib ki, avtobuslar özəl şirkətlərə məxsusdur:

“Dövlət həmin şirkətlərdən pulsuz işləməyi tələb edə bilməz. Belə olduğu təqdirdə dövlət həmin şirkətə pul ödəməlidir. Metro isə dövlətdən aldığı dotasiya hesabına maliyyələşir. Öz gəlirləri kifayət etmir, tam müstəqil fəaliyyət göstərə bilmir. Lakin başqa ölkələrdəki təcrübəni öyrənib təhlil edəndən sonra bu məsələni müzakirəyə çıxarmaq olar. Lakin indiki durumda bu məsələ haqda nəsə demək bir qədər çətindir”.

Geri qayıt