Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Ermənistanın mövcudluğu təhlükədə

Ermənistanın mövcudluğu təhlükədə


24-05-2024, 15:42
Ermənistanın mövcudluğu təhlükədə
“Ermənistan 2024-cü il mayın 9-da baş vermiş hadisələrlə paralel olaraq sərhədi delimitasiya etməklə bir çoxlarını sərhəddə qarşıdurma yaratmaq imkanından məhrum etdi. Əgər biz dövlətimizi bir-iki il qoruyub saxlaya bilsək, deməli, yaxın 50-100 ildə onun mövcudluğuna zəmanət verilir. Delimitasiya prosesi sayəsində biz bu problemin 60 faizini həll etmişik”.

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də parlamentdə çıxışı zamanı belə deyib. Paşinyan bildirib ki, delimitasiya prosesinin 1988-ci ilin xəritələri əsasında aparılmalı olduğuna dair fikirlərin hüquqi əsası yoxdur. Çünki 1988-ci ildə aparılan demarkasiya hüquqi prosedurlardan keçmədiyi üçün de-yure qüvvəyə minməyib. Bu səbəbdən həmin demarkasiya əsasında xəritələr yaradılmayıb.

“Biz Bağanis, Voskepar (Əskipara), Kirants (Günən), Berkaber (Bibiş) kəndlərində SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlərin de-yure bərpası ilə bağlı hüquqi qüvvəyə malik olan xəritələr əsasında demarkasiya apardıq. Mən bilirəm ki, Milli Məclisdə müxalifətlə mübahisələr olub, Ermənistan Respublikasının suveren ərazisinin necə kvadrat kilometr təşkil etdiyinə dair məsələ qaldırılıb və bu suala konkret cavab verilməyib. Biz Ermənistanın ərazisinin 29 min 743 kvadratmetr olduğunu deyirik”,- deyə Nikol Paşinyan əlavə edib.

Qeyd edək ki, Baş nazirin çıxışında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı bir sıra vacib mesajlar yer alıb. Paşinyan etirazçı müxalifətə bildirmək istəyir ki, sərhədlərin de-yure müəyyənləşməsi Ermənistanın təhlükəsizliyinin əsas təminatlarından birini təşkil edir. Çünki Ermənistan Birinci Qarabağ müharibəsində işğalçılıq siyasəti aparmaqla Azərbaycanla sərhədlərdən imtina edib. Hazırda Ermənistanın sərhədi yoxdur. Yalnız Qazax rayonunun Azərbaycana qaytarılmış dörd kəndi istiqamətində aparılmış delimitasiyadan sonra həmin ərazidə qısa da olsa de-yure sərhəd xətti formalaşıb.

Bu, 1918-ci ildən bəri Azərbaycanla Ermənistan arasında ilk qanuni sərhəddir. Sovet dövründə Azərbaycan və Ermənistan SSR arasında 1007 kilometr inzibati sərhəd mövcud olub. Bu sərhədin 1000 kilometri təxminən hələ razılaşdırılmayıb. Konstitusiya ilə həm Azərbaycan, həm də Ermənistan 1918-1920-ci illərdə mövcud olmuş müstəqil respublikaların siyasi varisidir. Həmin dövrdə isə Azərbaycanın ərazisi 114 min kv. km., Ermənistanın ərazisi 9 min kv. km. təşkil edib.

Xüsusilə də nə Azərbaycan Xalq Cümhuriyyəti ilə Ararat Respublikası arasında, nə də Sovet dövründə sərhədlər demarkasiya edilib. 1991-ci ildə SSRİ-nin dağılmasından dərhal sonra Ermənistan Azərbaycanla sərhədləri ləğv edib. Rəsmi İrəvan sərhədlərin müəyyənləşməsi üçün hüquqi baza kimi Almatı Bəyannaməsini və 1976-cı il xəritələrini əsas gətirir. Ancaq Almatı Bəyannaməsində əksini tapmış “Ərazi bütövlüyünə hörmətlə yanaşılması və sərhədlərin dəyişdirilməməsi” prinsipi məhz Ermənistan tərəfindən pozulub.

Üstəlik, Almatı Bəyannaməsində xəritələrdən danışılmır və “inzibati sərhədlər” ifadəsi yoxdur. 1991-ci ilə aid xəritələr 1976-ci ildə hazırlanmış və 1979-cu ildə yenidən təsdiq edilmiş sonuncu topoqrafik xəritələr əsasında tərtib edilib. Ona görə də Paşinyan hakimiyyəti 1976-cı il xəritələrində israr edir. Lakin Sovet dövrü yalnız 1976-cı ili əhatə etmir. Əgər Sovet dövrünün sərhədlərindən söhbət gedirsə, Azərbaycan bolşevik Rusiyasının tərəfindən işğal edildikdən sonrakı müxtəlif illərin xəritələrini təklif edə bilər.

Delimitasiya və demarkasiya üçün yalnız sonuncu topoqrafik xəritələrin əsas götürülməsini hüquqi sənəd hesab edən hər hansı qanun da yoxdur. Ona görə də iki ölkə arasında sərhədlər mövcud olmadığına görə, 1976-cı ildən əvvəlki dövrə aid xəritələrin tətbiqi Ermənistanın bir dövlət kimi mövcudluğunu sual altına qoya bilər. Ona görə də Paşinyan yaxın bir-iki il ərzində delimitasiya və demarkasiya prosesini baş çatdırmaqla Ermənistanın bir dövlət kimi mövcudluğu üçün hüquqi baza yaratmaq istəyir. Çünki 1992-ci il martın 2-də Ermənistan BMT-yə üzv qəbul olunarkən Azərbaycanla sərhədlərdən imtina etmişdi və işğalçılıq müharibəsi aparırdı.

Eyni zamanda, Ermənistanın Gürcüstanla sərhədləri də mübahisəlidir və tam müəyyənləşməyib. Analoji vəziyyət Türkiyə ilə sərhədə də aiddir. Bütün bunlar isə Ermənistanın Azərbaycana, Gürcüstana və Türkiyəyə ərazi iddiaları ilə bağlı yaranıb. Bu baxımdan, Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədlərindən danışmaq mümkün deyil. Sərhədlərin mübahisəli və açıq qalması isə Ermənistanın gələcəkdə bir dövlət kimi yox olmasına gətirib çıxaracaq. Paşinyan revanşist müxalifətə də bu problemin kifayət qədər ciddi olduğunu izah etməyə çalışır.

Ermənistan 1007 km-lik şərti sərhədin tamamilə 1976-cı il xəritələri əsasında delimitasiya və demarkasiya olunmasını təklif edir. Azərbaycan isə müxtəlif ərazilər üzrə ayrı-ayrı dövrə aid xəritələrin tətbiqini vacib sayır. Qazax rayonunun Qızılhacılı, Xeyrimli, Aşağı Əskipara və Bağanıs Ayrım kəndləri istiqamətində Sovet dövründə sərhəd xətti iki ölkə arasında razılaşdırılmış şəkildə olub. 1976-cı ildən sonra həmin ərazidə baş vermiş qismən dəyişiklik isə artıq kompromis qaydada aradan qaldırılıb.

Lakin bu xəritəni Zəngəzurda, Naxçıvan MR ilə sərhəddə və digər ərazilərdə tətbiq etmək yalnız Ermənistanın xeyrinə olar. Ona görə də Sovet dövründə qanunsuz olaraq Ermənistana verilmiş Azərbaycan torpaqlarının qaytarılması hesabına dəyişmiş sərhəd xəttinin bərpası üçün 1976-cı ildən əvvəlki dövrün xəritələrinin tətbiqi gündəmə gəlib. Ermənistan isə konstitusiya ilə Ermənistan SSR-in siyasi varisi deyil və onun inzibati sərhədləri de-yure tanına bilməz.

Həmçinin, sərhədlərin müəyyənləşməsinə dair Azərbaycanla Ermənistan arasında dövlətlərarası müqavilə yoxdur. Qazax rayonunun Ermənistanın Tavuş vilayəti ilə sərhədinin digər hissələrində bəlkə də kompromis qaydada 1976-cı ilin xəritələrini tətbiq etmək olar. Amma bu halda Ermənistan 1976-cı ildən sonra Qazax rayonunun qanunsuz olaraq Ermənistana verilmiş torpaq sahələri Azərbaycana qaytarılmalıdır. Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan da bu yaxınlarda sərhədin 1976-cı ildə olduğu ərazidən keçdiyini deyib və bunu uğurlu delimitasiya adlandırıb.

Belə olan təqdirdə digər hissələrdə də sərhədlər 1976-cı ildə mövcud olduğu yerə çəkilməli, Qazax rayonunun Astanbəyli, Kəmərli, Qaymaqlı kəndləri və İncədərə yaylasından 1982-ci ildə hüquqa zidd şəkildə Ermənistana verilmiş 5 min hektara yaxın torpaq sahəsi, 1986-cı ildə 2500 otlaq sahəsi Azərbaycana qaytarılmalıdır. Əks təqdirdə, Ermənistan daha böyük torpaq itirə bilər. Məsələn, 1922-ci ildə keçmiş Qazax qəzasından Ermənistana 379.984 desyatin (4.151 kvadrat km) torpaq sahəsi verilib və Azərbaycanın həmin əraziləri tələb etmək hüququ yaranır.

Bu baxımdan, Ermənistan seçim qarşısındadır. Ya 1976-cı ildən sonra Qazax rayonundan qopardığı bütün torpaqları qaytarmalıdır, ya da 1922-ci ildə alınmış ərazilər məsələsi gündəmə gələ bilər. Ermənistanın revanşist müxalifəti bunu bildiyinə görə, 1988-ci il xəritələrinin tətbiqini təklif edir. Paşinyan isə 1988-ci ildə tərtib olunmuş topoqrafik xəritələrin hüquqi əsasının olmadığını əsas gətirərək ondan əvvəlki, yəni 1976-cı il variantı üzərində dayanır. Bununla da Sovet dövründə Azərbaycan ərazilərinin Ermənistanda qalmasına nail olmağa çalışır.

Müşfiq Abdulla
“Cebhe.info”

Geri qayıt