Əsas Səhifə > Güney Press > ““TikTok”un Azərbaycanda sahibi kimdir ki, onlarla Milli Məclisdə xəlvəti görüş keçirilir?”

““TikTok”un Azərbaycanda sahibi kimdir ki, onlarla Milli Məclisdə xəlvəti görüş keçirilir?”


24-05-2024, 15:10
 ““TikTok”un Azərbaycanda sahibi kimdir ki, onlarla Milli Məclisdə xəlvəti görüş keçirilir?”
““Tik Tok” nə qədər problemlər yaradır. Özü də son dərəcə arzuolunmaz və təhlükəli problemlər. Mənim üçün çox maraqlıdır, “Tik Tok”un Azərbaycanda idarəedicisi, sahibi kimdir ki, onlarla Milli Məclisdə xəlvəti görüş keçirilir? Bu cənab kimdir? Belə çıxır ki, bu əlahiddə şəxs planlı şəkildə Azərbaycanı pis günə qoyanlardan biridir. Əlbəttə, “Tik Tok”un üstün tərəfləri də var, amma çox az qismi belədir. Əksər qismində isə milli-mənəvi dəyərlərimiz, tariximiz, ideologiyamızla bağlı böyük rüsvayçılıqlar, biabırçılıqlar var. Bunlara kimdir cavabdeh? İkincisi, Milli Məclis nə vaxtdan qapalı təşkilat olub? Xalqın seçdiyi, etimad göstərdiyi millət vəkilləri deyillər? Yoxsa bunlar artıq hamısı “çinovlikləşiblər”, millət də yaddan çıxıb? Çox qəribədir”.

Bu sözləri Pravda.az-a Xalq artisti, tanınmış rejissor Əbdül Mahmudov (Şeyx Əbdül) Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin “Tik Tok” platformasının nümayəndə heyəti ilə iclası qapalı keçirməsinə münasibət bildirərkən deyib.

“Bu, birinci hal deyil. Ona qalsa, Səhiyyə Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi həmişə dünyanın bir çox yerində məşhur olan və bu gün Azərbaycanda təmtəraqla reklam olunan enerji içkilərinin, yeməklərin təhlükəli olmalarından danışır. Amma dəyirman öz işində, çax-çax baş ağrıdır. Bəs bunu edənlər, ixtiyar sahibləri, toxunulmaz şəxslər kimlərdir? Bəlli deyil, insan bilmir ki, kimə müraciət etsin, kimin yaxasından yapışsın. Hər dəfə ümumi danışırıq. Məndən keçdi, qardaşıma dəydi, elə bildim, saman çuvalıdır... Parlament, icra hakimiyyətləri , bələdiyyə və s. hamısı siyasi şoular, oyunlardır. Bunu hamı bilir. Dövlət strukturu vahid bir mərkəzdən idarə olunmalıdır. Hər şey dövlətin səlahiyyətindədir. Konstitusiyanın 1-ci maddəsində göstərilir ki, hakimiyyətin mənbəyi xalqdır. Biz dövlətin başçısını tanıyırıq, ona səs vermişik. Yerdə qalanlar dəstəkverici, görüntüyaradıcı təşkilatlardır. Nə qədər ki, gözümüz qapılarda qalıb, belə də davam edəcək. Bugünkü Azərbaycan bütövlükdə İlham Əliyevin Azərbaycanıdır. Onun qaytardığı torpaqlar, 44 gün ərzində düşmənləri məhv etməsi, Azərbaycan cəmiyyətini bir yerə səfərbər etməsi, beynəlxalq səviyyədə sinəsini irəli verib dünyanın taleyini həll edən dövlətlərlə döyüşməsi, cəsarəti - hamısı birmənalı şəkildə cənab Prezidentin öz fəaliyyəti, zəhmətidir. Etiraf etsinlər, hansı deputat, bələdiyyə nə edib? Hamısı hazırın naziridirlər. Ancaq özləri üçün “çırpışdırırlar”. Artıq əxlaqımıza, tariximizə, gündəlik həyatımıza təhlükə yaradan səbəblərin, onların arxasında dayanan qüvvələrin dövlət səviyyəsində ifşa olunmasının vaxtıdır. “5-ci kolon” deyə-deyə durmuşuq. Müharibə dövründə də, iqtisadi məsələlərin həllində də bu əngəllər göründü, problemlərin şahidi olduq. Hamısını yoluna qoyan cənab Prezidentdir, xalq da ona etimad göstərir”, - Ə.Mahmudov bildirib.

Geri qayıt