Əsas Səhifə > Güney Press, Üst manşet > “Əgər Sizin 170 min manata ehtiyacınız olsaydı…"

“Əgər Sizin 170 min manata ehtiyacınız olsaydı…"


24-05-2024, 08:14
“Əgər Sizin 170 min manata ehtiyacınız olsaydı…"
“ERTRANS” MMC tikinti şirkətinin rəhbəri Abbasov Elsevər Abbasəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Bəylər müəllim!

Əslində, bu müraciəti Sizə deyil, aidiyyəti dövlət qurumlarına ünvanlamalı idim. Amma Sizin adınız keçən, daha doğrusu, adınızdan istifadə olunan yerdə rəsmi şəxslərin şikayətimə heç bir reaksiya verməyəcəyinə əmin olduğum üçün, bu müraciətin ünvanı olaraq Sizi seçdim.

Qısaca olaraq bildirim ki, Sizinlə qohumluq əlaqəsi olan, qardaşınız Rafiq Eyyubovla quda olan iş adamı Fəqan Təhməzovun qardaşı “SK Construktion” MMC-nin qeyri-rəsmi rəhbəri Qalib Təhməzov mənim 170 min manata yaxın vəsaitimi dələduzluq yolu ilə mənimsəyib. O, məhz Sizin adınızdan istifadə edərək, mənə və rəhbərlik etdiyim “ERTRANS” MMC-nin 15 nəfər işçisinə 5 ay müddətində gördüyümüz işlərin qarşılığında ödəməli olduğu vəsaiti verməkdən imtina edir. Ondan pulumuzu tələb etdikdə isə, bizə hədə-qorxu gəlir ki, “mənə heç kim heç nə edə bilməz, mənim arxam var”.

Hörmətli Bəylər müəllim!

Biz bilirik ki, Qalib Təhməzovun bu və digər qanunsuz əməllərindən Sizin xəbəriniz yoxdur. Təkcə bir faktı deyə bilərəm ki, ümumiyyətlə, tikinti sahəsindən xəbərsiz olan, qardaşlarının hesabına Qarabağda aparılan tikinti-bərpa işləri çərçivəsində müəyyən işlərin icrası ona tapşırılan Q.Təhməzov hazırda bizim kimi daha 15-20 şirkətə borcludur və onların da pulunu ödəmək əvəzinə, hər biri ilə təhdid dilində danışır. Şübhə etmirik ki, Sizin bütün bunlardan xəbəriniz olsa, Q.Təhməzovun adınızdan sui-istifadə etməsinə nəinki imkan verərdiniz, hətta onu cəzalandırardınız. Amma baş verənlərdən məlumatsız olduğunuz üçün, qohumluq əlaqələrindən istifadə edən Qalib Təhməzov özünü “qoçu” kimi aparır, işğaldan azad olunan ərazilərimizdə 5 ay çətin şəraitdə, gecə və gündüz yol tikintisi ilə məşğul olan fəhlələrin zəhmət haqqını mənimsəyir.

Hörmətli Bəylər müəllim!

Biz bilirik ki, Qalib Təhməzov həmin vəsaiti Sizinlə bölşüməyib, özünün şəxsi ehtiyaclarına xərcləyib. Əslində, Sizin “qara fəhlə”nin 170 min manatına ehtiyacınızın olmadığı da şübhəsizdir. Hətta nə vaxtsa maddi sıxıntı ilə üzləşsəniz, Azərbaycanda Sizin üçün həmin vəsaitin 10 qatını təmənnasız xərcləməyə hazır olan çox sayda insanın olduğuna da inanırıq.

Amma sözügedən vəsait bizim, təxminən 20 nəfərlik ailənin aylardır gözünü dikdiyi çörəkpulu idi, ona da Qalib Təhməzov əl qoyub. Bu baxımdan, Sizdən xahiş edirəm ki, öz təsir imkanlarınızdan istifadə edərək, Qalib Təhməzovun borclu olduğu vəsaiti ödəməsinə göstəriş verəsiniz.

Sizə şəxsən və rəhbərlik etdiyim şirkətin bütün əməkdaşları adından təşəkkür edirəm”.

“Hürriyyət”

Geri qayıt