Əsas Səhifə > Güney Press > Sülh müqaviləsi, yoxsa sərhəddə divar:

Sülh müqaviləsi, yoxsa sərhəddə divar:


22-05-2024, 17:28
Sülh müqaviləsi, yoxsa sərhəddə divar:
Tavuş vilayətinin Günən (Kirants) kəndinə gedən yol polis tərəfindən bağlı saxlanılır.

Demarkasiya prosesi başa çatana qədər yolun açılacağı və kənar şəxslərin kəndə buraxılacağı inandırıcı görünmür. Kirants kəndindən keçən yolun bir hissəsi olan körpü delimitasiya üzrə razılaşmanın nəticəsinə görə Azərbaycanın ərazisinə düşəcək. Ona görə də Ermənistan hökuməti Kirantsa aparan alternativ yol, körpü çəkməyə qərar verib. Hətta hökumət təhlükəsizlik məqsədilə Azərbaycanla sərhəddə divar çəkəcəyini vəd edir. Bu məsələ kənd sakinlərini sakitləşdirmək istəyən Ermənistan rəhbərliyi tərəfindən bir neçə dəfə səsləndirilib. Lakin sakinlər divarın inşasından əlavə, delimitasiya nəticəsində 15 hektar torpaq sahəsinin, 7 evin və nasos stansiyasının Azərbaycana keçməsi barədə razılaşmadan imtina etməyi tələb edir. Qeyd edək ki, Kirants sakinləri Ermənistanın ərazi və infrastruktur naziri Qnel Sanosyanla görüşdə divarın tikilməsi təklifinə etiraz etsələr də, sonradan bunu vacib hesab etdilər.

Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan da Kirants əhalisi qarşısında çıxışı zamanı həmin vədi verib. Ermənistanın Azərbaycanla sərhəddə divar tikmək təklifinin delimitasiya və demarkasiya prosesinə mane olacağını söyləmək olmaz. Çünki Ermənistan hökuməti bu prosesi sərhədlərin müəyyənləşməsindən sonra həyata keçirmək istəyir. Lakin Ermənistan tərəfindən sözügedən addımın atılması iki xalq arasında dinc qonşu kimi yaşamağın perspektivini şübhə altına alır.

Əlbəttə, Ermənistanın sərhəddə divar inşa etməsi həm də Azərbaycanın təhlükəsizliyinin təmin olunmasına xidmət etmiş olar. Bu baxımdan, rəsmi İrəvanın divar məsələsini ortaya atması bir növ Azərbaycanın maraqlarına uyğundur. Eyni zamanda, qeyd edilən xəbər münaqişənin aradan qalxmasına rəğmən, ermənilərin azərbaycanlılarla dinc yanaşı yaşamaq prinsipini qəbul etməyə hələ hazır olmadığını göstərir. Bu da “Miatsum” ideologiyasından qaynaqlanır.

Türk xalqları ilə birgə yaşamağın mümkünsüzlüyü barədə cəfəng iddialar Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasətinin ideoloji konsepsiyasını təşkil edir. Hətta vaxtilə Ermənistanın sabiq prezidenti Robert Köçəryan qeyd edilən mövzuda məqalə yazmaqla Qarabağdakı separatizmini əsaslandırmağa çalışmışdı. İndi Ermənistanın Qazax rayonu ilə sərhəddə divar tikmək planı bu düşüncə tərzinin ermənilərin alt şüurunda qalmaqda davam etdiyini təsdiqləyir. Ancaq Azərbaycan gələcəkdə Ermənistana sərhədi bağlamağın deyil, kommunikasiyaların açılması üçün beynəlxalq hüquqa uyğun olaraq delimitasiya və demarkasiya etməyi təklif edir.

Sərhəddə divarların çəkilməsi isə nəqliyyat yollarının açılmasına mane ola bilər.

Əslində, öz sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Azərbaycan da analoji qaydada divar çəkə bilər. Ancaq iki ölkə arasında təhlükəsizliyin təminatı üçün ən yaxşı vasitə kimi sülh müqaviləsi üzrə götürülmüş öhdəliklər çıxış edə bilər. Müharibə baş verərsə, hər hansı divar müasir silahların qarşısını almağa qadir deyil.

Azərbaycanın güclü ordusu və zirehli texnikası istənilən divarı yıxıb keçməyə qadirdir.

Ona görə də Ermənistanın sərhəddə divar tikmək niyyəti yalnız iki xalq arasında etimadın və barışın qarşısının alınmasına xidmət edə bilər.

Müşfiq Abdulla
“Cebhe.info”

Geri qayıt