Əsas Səhifə > Güney Press > Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir


22-05-2024, 17:12
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
Bu gün Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət
Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Tibb tələbələri və
gənc tədqiqatçıların respublika konfransı” işə başlayıb. Naxçıvan
Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş
konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi
önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad
ediblər.
Heydər Əliyev Muzeyi ilə tanışlıq çərçivəsində tədbir iştirakçılarına
görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər,
onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları
və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.
Konfransın açılış mərasimində salamlama nitqi ilə çıxış edən Naxçıvan
Dövlət Universitetinin rektoru Elbrus Əliyev tədbirin əhəmiyyətindən
danışıb. O, ATU ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən önəmli
layihələr, birgə araşdırmalardan bəhs edərək, bu konfransın da tələbə
və tədqiqatçıların elmi müzakirələri, gənc alimlərin potensialının
reallaşdırılması istiqamətində səmərəli platforma olacağına əminliyini
bildirib. Hazırda dünyada elm sahəsində hökm sürən rəqabət
şəraitində hər bir universitetin, ali təhsil mərkəzinin yüksək ixtisaslı
kadrlar yetişdirmək üçün elmi tədqiqatların məzmununun
gücləndirilməsi, sayının artırılmasına ehtiyacı olduğunu vurğulayan
rektor, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli
tibb təhsili sahəsində böyük əhəmiyyət daşıyan bu tədbirin qədim
Naxçıvanda keçirilməsinin sevindirici hal olduğunu bildirib. O,
Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsas
istiqamətlərindən birinin gənclərə və təhsilə daimi diqqət və qayğı
olduğunu xatırladıb: “Ulu Öndərin hakimiyyəti dövründə məhz onun
səyləri ilə respublikamızın istedadlı gənclərinin sovet ittifaqının aparıcı
universitetlərində təhsilinə şərait yaradılıb. İllər keçdikcə, bu cür
gənclərin sayı artıb. Ulu Öndər hər il avqustun son günlərində müxtəlif
universitetlərdə təhsil alacaq gənclərlə görüşüb, onları şəxsən təbrik
edirdi. Həmin dövrdə elmə, təhsilə göstərilən bu cür diqqət qısa
müddət sonra öz bəhrəsini verməyə başladı”.
ATU-nun rektoru bu siyasətin indi də dövlət başçısı, Ali Baş Komandan
İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Məhz bu
yanaşma sayəsində Azərbaycanın ali təhsil mərkəzləri artıq dünyada
rəqabətqabiliyyətli universitetlərə çevrilməkdədir. Professor
G.Gəraybəyli ATU-nun dünyada 900-dən çox ali məktəbi birləşdirən
“Magna Charta Universitatum” - Universitetlərin Böyük Xartiyasına
üzv olduğunu, Azərbaycanda ilk dəfə olaraq 3 ixtisas üzrə
universitetin tədris proqramının beynəlxalq akkreditasiyadan keçdiyini
xatırladıb. Rektor çıxışının sonunda universitetlərin və tələbələrin elmi
istiqamətdə inkişafında Tələbə Elmi cəmiyyətlərinin rolunu xüsusi
qeyd edib. Naxçıvan Dövlət Universiteti ilə faydalı əməkdaşlıq
çərçivəsində təşkil olunan konfransın əhəmiyyətini vurğulayan
professor G.Gəraybəyli, gənc tədqiqatçılara uğurlar arzulayıb.
Daha sonra ATU və NDU-nun Tələbə Elmi cəmiyyətlərinin rəhbərləri
Müşviq Həsənov və Təbrizə Bağırova çıxış ediblər. Çıxışların ardınca
Muxtar Respublikanın 100 illiyindən bəhs edən videoçarx nümayiş
olunub.
Konfransın plenar sessiyalarında hər iki universitetdən olan gənc
tədqiqatçılar müxtəlif mövzularda təqdimatlar ediblər. İki gün davam
edəcək konfrans çərçivəsində kliniki təbabət, tibbi biologiya, ictimai
sağlamlıq, əczaçılıq, qida təhlükəsizliyi və stomatologiya
mövzularında panel sessiyalar keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Tibb Universiteti bu tədbirdə geniş
nümayəndə heyəti ilə təmsil olunur. İlk dəfə olaraq ATU-nun 30-a
yaxın müəllimi və 50-dən çox tələbəsi Naxçıvana səfər edib.
Xatırladaq ki, 2 il öncə hər iki universitetin birgə təşkilatçılığı ilə
Naxçıvanda I Beynəlxalq Tibb Forumu keçirilmişdi.

dia-az.info

Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir
Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir

Geri qayıt