Əsas Səhifə > Güney Press > Keçmiş XİN rəhbəri siyasətə qayıdır:

Keçmiş XİN rəhbəri siyasətə qayıdır:


22-05-2024, 16:46
Keçmiş XİN rəhbəri siyasətə qayıdır:
“Məhəmməd Cavad Zərif xarici işlər naziri vəzifəsindən azad olunanda demişdi ki, o, siyasətdən gedir, universitetdə dərs deyəcək, özünün şəxsi planları var və siyasi ambisiyaları yoxdur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Siyasi təhlilçi İranın sabiq XİN rəhbəri Məhəmməd Cavad Zərifin yeni İran prezidenti olmaq istəməsi ilə bağlı Qərb KİV-ləri tərəfindən yayılan informasiyalara münasibət bildirib.

Onun sözlərinə görə, ola bilsin ki, Cavad Zərif siyasi aləmə qayıtsın:

“Əgər bu, baş verəcəksə, bəlkə də sözügedən məsələ ali dini rəhbərin istəyi ilə ola bilər. Çünki Cavad Zərif çox güclü danışıqlar aparan diplomatdır, digər tərəfdən, çox çevik bir siyasətçidir və onun Qərbdə əlaqələri var. Onun Con Kerri və digər diplomatlarla münasibətləri var idi və nahaq yerə Qərb onu dəstəkləmirdi”.

T. Abbasova görə, belə siyasətçilərin həmişə siyasi arenada xüsusi yeri olur və onlar heç vaxt çoxluq sayında deyillər, əksinə, azlığın tərkibində olurlar:

“Fikrimcə, Məhəmməd Cavad Zərifin verdiyi bəyanatın arxasında ABŞ-nin Tramp dövründəki fəaliyyəti ilə bağlı narazılığı var idi. Məhz onun dövründə İrana 300-ə yaxın “Airbus” təyyarələrinin verilməsi haqqında saziş imzalandı. Lakin sonda ABŞ Avropa ölkələrinə qərarı yerinə yetirməyə qoymadı. Yəni onun özünün bu məsələyə şəxsi aidiyyəti və münasibəti var. O bildirir ki, ABŞ icazə vermir ki, İran xalqı normal yaşasın, sanksiyalardan qurtulsun. Halbuki danışıqlar bitmişdi və Məhəmməd Cavad Zərifin mövqeyi üstün gəlmişdi”.

“Həmişə olduğu kimi, Qərb daim qaydasız döyüşlərə böyük üstünlük verir. Onlar qaydaları pozmaqla, naqqallıq etməklə əldə olunmuş razılaşmalara etinasız yanaşırlar və digər xalqlara problem yaradırlar. Bəlkə də ola bilsin ki, İranın yüksək siyasi dairələrində Cavad Zərifin namizədliyi nəzərdən keçirilir. Belə başa düşürəm ki, o öz namizədliyini versə, qalib gələ bilər. Çünki o, mühafizəkar yox, kifayət qədər liberaldır. Həmçinin milli bir şəxsdir və İranın dəyərlərini qoruyan bir siyasi xadimdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Geri qayıt