Əsas Səhifə > Güney Press > Əhali azad edilmiş 4 kəndə qaytarılacaq

Əhali azad edilmiş 4 kəndə qaytarılacaq


22-05-2024, 19:00
Əhali azad edilmiş 4 kəndə qaytarılacaq
Dünən axşam saatlarında Tavuş vilayətinin Kirants (Günən) kəndinin icma zalında toplantı keçirilib.

Qubernatorluq işçiləri bir neçə saat ərzində bir qrup sakinlə təzminat məsələlərini müzakirə ediblər. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində evlərini itirən kirantslılardan, eləcə də körpünün təhvil verilməsi ilə bağlı evləri sərhəddə qalan ev sahiblərdən gedir. Ermənistanın “Hraparak” qəzetinin məlumatına görə, hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir və onlar artıq kəndin “sovxoz” məhəlləsində tikinti işlərinə başlayıblar. "Bir aya necə ev tikəcəklərini söyləmək çətindir. Məsələ burasındadır ki, Azərbaycana keçən iki evin sahiblərinə möhlət verilib. Onlar iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar Kirants ərazisində görünəcəklər", - sakinlər bildiriblər. Məsələ ilə bağlı Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümünün rəhbəri, Azərbaycan-Ermənistan Araşdırmaları Mərkəzinin rəhbəri Qafar Çaxmaqlı "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, Qazax-Tavuş istiqamətdə şərti sərhəd ərazilərin delimitasiyası yekunlaşıb:

“Günən kəndində sakinləri narahat edən əsas məsələ bir sıra evlərin boşadılmasıdır. Artıq Qazax-Tavuş istiqamətindəki şərti sərhədin delimitasiya və demarkasiyası prosesi bitib və sərhəd dirəkləri basdırılıb. Ermənistan hakimiyyəti Günən kəndin Azərbaycanın qanuni sərhədində məskunlaşmış sakinləri başqa yerdə evlə təmin edəcəyini söz verib. Məhz Günən kəndin arxasında azərbaycanlıların dağıdılmış Qızıl Hacılı və Xeyrimli kəndləri var. Xatırladım ki, 1990-ci ilədək hər iki kənddə azərbaycanlılar yaşayırdılar. Hazırda həmin kəndlərdə heç kəs yaşamır. Ermənistan 1990-ci illərdə bu kəndlərlə yanaşı digər dörd anklav kəndi guya öz təhlükəsizliyini təmin etmək məqsədilə işğal edib. Qazaxa bitişik dörd kənd – Bağanıs Ayrım, Aşağı Əskipara, Qızıl Hacılı və Xeyrimli kəndləri üzərində nəzarət bərpa olunandan sonra Azərbaycan həmin kəndlərdə bərpa-quruculuq işləri aparacaq və həmin kəndlərin sakinlərin yenidən öz doğma torpaqlarına qayıdıb yaşayacaqlar. Bunun bağlı ciddi proqramlaşdırma aparılır və layihə tətbiq edilir. Həmin proqrama və layihəyə uyğun kəndlərdə əhali yenidən məskunlaşdırılacaq”.

Geri qayıt