Əsas Səhifə > Güney Press > Makronun Yeni Kaledoniya səfəri:

Makronun Yeni Kaledoniya səfəri:


22-05-2024, 18:56
Makronun Yeni Kaledoniya səfəri:
Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar davam edir.
Qeyd edək ki, Yeni Kaledoniyada mayın 13-dən başlayan iğtişaşlarda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda, həbs olunanlar var. Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib. Bundan sonra etirazlar başlayıb.

Fransa hakimiyyəti davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yeridib. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib.

Siyasi şərhçi Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Fransa Prezidenti Emmanuel Makron adaya səfəri çətin ki, etirazçıları sakitləşdirsin:
"Hazırda Fransa adada güc strukturlarından istifadə edərək iğtişaşları sərt şəkildə yatırtmaq istəyir. Bu isə tamamilə əks reaksiya verir. Aksiya iştirakçıları arasında polis zorakılığı nəticəsində ölən və yaralananların olması, habelə onlarla şəxsin həbs edilməsi prosesləri daha da mürəkkəbləşdirir".

Analitik əlavə edib ki, rəsmi Paris on ildən artıq adada yaşayanlara vətəndaşlıq verilməsi haqqında konstitusiyaya dəyişiklik etmək istəyir:
"Buradakı məqsəd isə demoqrafik müdaxilə yolu ilə qarşıda keçiriləcək seçki və referendumlarda nəticəni Fransanın xeyrinə dəyişməkdir. Yerli əhali isə sözügedən məsələyə qəti şəkildə etiraz edir. E. Makronun indiki məqamda adaya səfəri onun özü üçün müsbət heçnə vəd etmir. Qəzəbli kanak xalqı radikal addımlar ata bilər. Xüsusilə Makronun özünə sui-qəsd cəhdləri ola bilər. Düşünürəm ki, proseslərin belə davam edəcəyi təqdirdə Yeni Kaledoniyadakı vəziyyət Fransanın həll edə bilməyəcəyi qədər qəlizləşəcək".

Geri qayıt