Əsas Səhifə > Güney Press > Abortlar “uşaq pulu” verilmədiyi üçün artır?

Abortlar “uşaq pulu” verilmədiyi üçün artır?


22-05-2024, 15:10
Abortlar “uşaq pulu” verilmədiyi üçün artır?
Statistikaya görə, ötən il Azərbaycanda 73 816 abort qeydə alınıb. Abortların sayı 2021 ci ildə 46877, 2022 ci ildə 57999 olub. 15 49 yaşlı hər 1000 qadına düşən abortların sayı 27,9 olub.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən ötən il üzrə doğumu qeydə alınmış 112 620 nəfərdən 59 814 ü oğlan, 52 806 sı isə qızdır. Cinslər arasındakı fərq 7 008 nəfərdir. Cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında öz əksini tapıb.

Dünyada ən aktual problemlərdən olan abortlara münasibət müxtəlifdir. Bir qrup insanlar buna ailənin öz şəxsi qərarı olaraq hörmətlə yanaşdıqlarını bildirirlər. Digər qisim insanlar abortun tibbi və psixoloji cəhətdən zərərli olduğunu bildirirlər. Azərbaycanda da abortlar problem olaraq qalmaqdadır. Bir qrup şəxs uşaq pulu verilmədiyi üçün abort sayının artdığını düşünür.

Bəs “uşaq pulu” verilərsə, abort sayı azala bilərmi?

Deputat Fazil Mustafa "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bu rəqəm olduqca təhlükəlidir:

"Bu, onu göstərir ki, bu sahədə həqiqətən də böyük problemlər qalmaqdadır. Çox ciddi narahatlıq doğuran məqamlar var. Bunu cinsi seleksiya ilə qız uşaqlarının məhv edilməsi prosesi kimi də qiymətləndirmək olar. Ona görə də bu məsələyə qarşı ciddi mübarizə aparılmalıdır. Həm də çox ürəkağrıdan bir hadisədir. Bütün hallarda bu kimi məsələlərdə daha ciddi işlərin görülməsi vacibdir. Bu, hamınızı narahat etməlidir. Əks halda böyük sıxıntı ilə qarşılaşacağıq".

Deputat deyib ki, abortların “uşaq pulu” ilə əlaqəsi yoxdur:

““Uşaq pulu” deyilən müavinət onsuz da verilir. Bunun sadəcə kateqoriyalarını genişləndirmək lazımdır. Bu genişlənərsə, daha çox uşağı əhatə edə bilər. Abort məsələsi sağlamlıqla bağlı deyilsə, kriminal xarakteri daşıyır. Çünki bu qeyri-rəsmi cinsi seleksiyaya görə qız uşaqlarının sıradan çıxarılması, istənməməsi ilə bağlı məsələdir. Bu da acınacaqlı durumdur”.

Geri qayıt