Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İranda səfirliyimiz yenidən AÇILACAQ?

İranda səfirliyimiz yenidən AÇILACAQ?


22-05-2024, 12:12
İranda səfirliyimiz yenidən AÇILACAQ?
İran Prezidenti İbrahim Rəisi və bir neçə dövlət rəsmisi helikopterlə Şərqi Azərbaycan vilayətində qəzaya uğrayaraq vəfat edib. İran rəsmiləri qəzanın baş vermə səbəbini əlverişsiz hava şəraiti və texniki nasazlığa görə baş verdiyini bildirib. Lakin buna baxmayaraq, baş verən hadisə ilə əlaqədar İran daxilində və dünya ölkələrində Azərbaycana qarşı qarayaxma kampaniyaları aparanların sayı az deyil. Məqsəd iki ölkə arasında münasibətlərin pozulmasına yönəlib. Belə olan təqdirdə təhlükəsizlik baxımından İranda Azərbaycan səfirliyinin açılması gözləniləndir?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, İran prezidenti və rəsmilərinin ölümü ilə nəticələnən qəzanı təkcə İran daxilində yox, bir neçə ölkə Azərbaycanın üzərinə yıxmağa çalışırdılar:

"Burada Amerika, Türkiyə və İranın özləri də bildirdilər ki, qəza hava şəraiti ilə əlaqədardır. Əgər hava şəraiti ilə əlaqədardırsa, bunu Azərbaycanın üzərinə yıxmaq yaxud üzərinə gətirmək kimi bir anlayış ola bilməz. İran özü də rəsmi olaraq bəyanat verdi ki, baş verən qəza əlverişsiz hava şəraitinə görə baş verib. Bu məsələnin Azərbaycanın üzərinə gətirilməsi ilə məşğul olan qruplar var. Hesab edirəm ki, bu qrupların atdığı addımlardan heç bir nəticə çıxmayacaq".

Ekspert indi məqamda İranda Azərbaycan səfirliyinin açılmasında heç bir təhlükə görmür:

"İki ölkə arasında prezidentlər səviyyəsində görüş keçirildi. Hərbi məsələdə Azərbaycan müdafiə nazirinin müavini İrana səfər etdi və ölkələr arasında böyük layihələr ilə bağlı müqavilələr imzalandı. Ən azından şimal-cənub layihəsi ilə bağlı məsələlər öz həllini tapıb. Hesab edirəm ki, bütün bunların fonunda İran Azərbaycana qarşı hansısa bir təxribat törətməz. Ümumiyyətlə bundan sonrakı mərhələdə İran digər ölkə səfirliklərindən daha çox, Azərbaycan səfirliyinin qorunmasına, təhlükəsizliyinin təmin olunması yönündə addımlar atacaq".

Geri qayıt