Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Bu adamların hər kəlməsi Azərbaycandan çox, Ermənistanın mövqeyini əks etdirir

Bu adamların hər kəlməsi Azərbaycandan çox, Ermənistanın mövqeyini əks etdirir


23-04-2024, 08:18
Bu adamların hər kəlməsi Azərbaycandan çox, Ermənistanın mövqeyini əks etdirir
Bir şəhid balası, bir diplomat oturublar rus qoşunlarının Qarabağı tərk etməsindən danışırlar. Amma nədənsə onları rus qoşunlarının Azərbaycandan çıxarkən Ermənistanın Gorus və Sisyan rayonuna yerləşdirilməsi narahat edir. Ən pisi isə odur ki, rus “sülhməramlılarının” Ermənistanı "işğal erməsinin" günahını da bizdə görürlər. Hətta bir az da irəli gedib bu qoşunların Gürcüstana gedəcəyini və oranı işğal edəcəyi barədə dərin proqnoz verirlər. Unudurlar ki, həmin qoşunlar Qarabağı işğala gələrkən də elə Ermənistandan keçmişdi və erməni xalqı bizimkilər kimi narahat olmamış, əksinə az qala bu qüvvələri gül-çiçəklə qarşılaşmışdılar. İndi də çıxmaq vaxtı gəldiyi üçün onların eyni marşrutu izləməsindən təbii nə ola bilər. Gürcüstanı işğal etməyə gəlincə, qərb qonşumuzun özü birbaşa Rusiya ilə həmsərhəddir və onun ən azı iki Qarabağ boyda ərazisi hazırda rus “sülhməramlılarının” işğalı altındadır. Oranın təkrar işğalı və ya 2008-ci il işğalını genişləndirmək üçün Qarabağdan xüsusi qoşun göndərməyə nə ehtiyac var? Eynilə, Ermənistanı işğal etmək üçün də eyni fikirləri söyləmək mümkündür. Bəyəm Ermənistan rus işğalı altında deyil? Bəyəm, Gömrüdəki 102 saylı hərbi hissədə ingilis əsgəri dayanır ki, onları qovmaq üçün Qarabağdakı rus “sülhməramlıları”nın müdaxiləsinə ehtiyac yaranıb?
Lap deyək ki, elədir. Bəs Qarabağdan çıxarılan rus əsgərlərinin Gürcüstanın və ya Ermənistanın, yaxud başqa bir ölkənin işğalını dayandırmaq üçün Azərbaycan nə etməlidir? Zorla rus əsgərinin qulağından yapışıb Qarabağda saxlamalıdır?
Ümumiyyətlə, bu adamların hər kəlməsi Azərbaycandan çox, Ermənistanın mövqeyini əks etdirir. Acınacaqlısı isə odur ki, hətta Daşnaksütyunun belə ağlına gəlməyən məntiqsiz arqumentlər tapmağı belə bacarırlar.

Heydər Oğuz - dia-az.media

Geri qayıt