Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Sülh gündəliyi: Moskva formatı, yoxsa ikitərəfli görüş?

Sülh gündəliyi: Moskva formatı, yoxsa ikitərəfli görüş?


22-04-2024, 14:40
Sülh gündəliyi: Moskva formatı, yoxsa ikitərəfli görüş?
“Azərbaycan Moskva formatının bərpa olunmasına bir şərtlə razı ola bilər ki, bu format çərçivəsində onun maraqları nəzərə alınsın”.

Bu sözləri politoloq Oqtay Qasımov “Cebhe.info”-ya açıqlamasında Moskva-Bakı-İrəvan danışıqlar formatının yenidən gündəmə gəlmək ehtimalı ilə bağlı sualı cavablandırarkən bildirib.

O qeyd edib ki, Azərbaycan Rusiya və digər vasitəçi ölkələrlə münasibətləri normal vəziyyətdə saxlamağa, onların vasitəçilik təşəbbüsündən maksimum dərəcədə sülh prosesinin irəliləməsi üçün yararlanmağa çalışır:

“İkinci Qarabağ müharibəsindən sonra təxmini bir il müddətində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində əsas vasitəçilik təşəbbüsü Rusiyanın əlində olub. Ukraynada müharibənin başlamasına qədər Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Moskvada və Soçidə görüşlər keçirilib. Amma buna baxmayaraq, Moskva formatında o qədər də ciddi nailiyyətlər əldə olunmayıb. Onu da vurğulayım ki, sonrakı dövrlərdə Ukrayna üzərində Rusiya-Qərb geosiyasi mübarizəsinin intensivləşməsi səbəbindən Azərbaycan-Ermənistan sülh prosesi müəyyən qədər dalana dirəndi. Qərblə geosiyasi mübarizə fonunda Moskva Cənubi Qafqazda proseslərə təsir etmək imkanlarını itirib. Lakin bu, o demək deyil ki, Rusiya bu regiondan tam kənarlaşdırılıb. İstənilən halda Rusiya Cənubi Qafqazla həmsərhəddir və bu regionda güc mərkəzlərdən biridir”.

Moskva formatının bərpa olunması ehtimalına gəlincə, o qeyd edib ki, rəsmi Bakı Ermənistanla problemlərin ikitərəfli qaydada həll olunmasının tərəfdarıdır:

“Ancaq Azərbaycan Mokva formatına da etiraz etmir, bir şərtlə ki, bu formatda Bakının maraqlarına qarşı heç bir addım atılmasın. Əgər hər hansı problem yaradılarsa, sözsüz ki, Azərbaycan bu formatda iştirakdan imtina edəcək. Ən əsas məsələ isə Bakıdan daha çox İrəvanın bu formata münasibətidir. Azərbaycan bu formata müsbət mövqe sərgiləyə bilər, amma Ermənistanın bu məsələyə reaksiyasının necə olacağı hələ sual altındadır.

Moskva formatının səmərəli və nəticəyönlü olacağı da qaranlıq qalır. Prinsip etibarilə hesab edirəm ki, ikitərəfli formatda aparılan danışıqların davam etməsi regional sabitlik üçün daha münasibdir. 2023-cü ilin dekabrın 7-də və bu ilin aprelin 19-da baş tutan ikitərəfli danışıqlar sülh prosesini daha irəli aparıb. Artıq hər iki ölkə ikitərəfli danışıqları daha məqbul hesab edir”.

Geri qayıt