Əsas Səhifə > Güney Press, Ana xəbərlər > İrəvan çaş-baş qalıb: Paşinyan nə etmək istəyir?

İrəvan çaş-baş qalıb: Paşinyan nə etmək istəyir?


2-04-2024, 15:29
İrəvan çaş-baş qalıb: Paşinyan nə etmək istəyir?
Yaxın zamanda Azərbaycan-Ermənistan şərti dövlət sərhədində növbəti hərbi toqquşmalara şahidi olacağıq.

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin bölmələri və döyüş texnikaları cəmləşməyə başlayıb.

Bildirilib ki, şərti sərhədboyu Ermənistan qoşunlarının cəmləşdirilməsi və hücum xarakterli dayaq məntəqələrinin qurulması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrinin yaradılması, fortifikasiya qurğularının inşa edilməsi ordumuzun bölmələrinin sərəncamında olan xüsusi texniki vasitələr və vizual müşahidə ilə qeydə alınıb.

Aparılan müşahidələr nəticəsində aşkar olunub ki, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələri yerləşdirilir.

Nazirliyi məlumatında qeyd olunub ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq:

"Bir daha bəyan edirik ki, Azərbaycan Ordusu tərəfindən Ermənistanın törədə biləcəyi hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq, vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyi və onun havadarlarının üzərinə düşəcək".

Artıq erməni tərəfinin son addımları öz nəticəsini görsərtməkdədir. Müdafiə Nazirliyi məlumat verib ki, aprelin 1-i saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti və Ermənistanda hərbi-siyasi dairələr müəyyən beynəlxalq güc mərkəzlərinin təlimatlarına əsasən, Azərbaycan Ordusunun sərhəd ərazilərində mövqelərinə qarşı təxribatlar törətməyə hazırlaşırlar. Bu da bölgədə yenidən ciddi hərbi toqquşmalara gətirib çıxaracaq.

Sülh prosesinin intensivləşdiyi bir zamanda Ermənistan hakimiyyətinin bu kimi hallara yol verməsi heç bir şəkildə təsadüfü ola bilməz. Böyük ehtimalla, Nikol Paşinyan və onun komandası, eləcə də ölkə daxilində hərbi-siyasi dairələr mərkli siyasi oyunlar qurmaq niyyətindədir. Onlar siyasi manipulyasiya ilə məşğul olmaqla regionda vəziyyəti gərginləşdirmək və sülh prosesinin vaxtını uzatmaq məqsədi güdürlər.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov "Cebhe.info"-ya açıqlamasında qeyd edib ki, İrəvan regional sülhə yönələn əməlli addımlar atmaq istəmir:

"Bildrim ki, Ermənistan sülhə hazır deyil. Rəsmi İrəvan özünün bütün davranışları və addımları ilə sülh hazır olmadığını göstərir. Bəli, Ermənistan Baş naziri Nikol Paşinyan sülhlə bağlı bəyanatlar səsləndirir, Ermənistan hakmiyyəti müxtəlif beynəlxalq platformalarda özünü sülhpərvər olduğunu nümayiş etdirir. Amma əməldə lazımi və zəruri addımlar atılmır.

Ermənistanın hazırkı addımları birbara sülhə ziddir. Azərbaycanla şərti sərhəd ərazilərdə Ermənistan ordusunun bölmələrinin cəmləşməsi, müvafiq mövqelərin qurulması və hərbi texnikanın yerləşdirilməsi, eyni zamanda Naxçıvanın Şərur və Sədərək istiqamətlərində erməni ordusunun təxribatları onu sübut edir ki, İrəvan Azərbaycanla sülh sazişi imzalamaq niyyətində deyil.

Hazırda Ermənistan ordusu tam şəkildə ölkənin vahid komandanlığına və birinci şəxsinə tabe deyil. Belə ki, Ermənistan ordusunda Rusiyanın hərbi-siyasi rəhbərliyinə və kəşfiyyat orqanlarına xidmət edən ünsürlər çoxdur. Həmçinin Ermənistan ordusunun rəhbərliyində ayrı-ayrı ölkələrin kəşfiyyat qurumları ilə təmasları olan ünsürlər də fəaliyyət göstərir. Müəyyən güc mərkəzləri Azərbaycanla Ermənistan arasında sülh prosesinə əngəl olmaq üçün erməni tərəfini təxribatlara əl atmağa sövq edirlər.

Rusiyanın regionda əsas məqsədi budur ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmasın. Çünki regionda gərginlik davam etdigcə, Moskva öz maraqlarını qoruyub saxlaya bilir. Eyni zamanda Qərb, xüsusilə Fransa da Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün regionda vəziyyətin daim gərgin qalmasında maraqlıdır".

Politoloq qeyd edib ki, Paşinyanın müstəqil xarici siyasət yürütməməsi sülhə ciddi əngəl yaradan səbəblərdən biridir:

"Əgər Paşinyan regional məsələlərə öz ölkəsinin maraqları prizmasından deyil, ayrı-ayrı güc mərkəzlərinin maraqları prizmasından baxırsa, onda regionda sülhün bərqərar olunması qeyri-mümkün olacaq. Azərbaycan da Ermənistanın davamlı təxribatlarına dözməyəcək. Baş verəcək hadisələrin məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşəcək".

Geri qayıt