Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Siyasi şantaj: İrəvanın 31 kənd iddiasının arxasındakı niyyət

Siyasi şantaj: İrəvanın 31 kənd iddiasının arxasındakı niyyət


5-03-2024, 10:01
Siyasi şantaj: İrəvanın 31 kənd iddiasının arxasındakı niyyət
Ermənistan Baş nazirinin Aparatı Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan 31 kəndin xəritəsini yayıb.

“Cebhe.info”
-nun məlumatına görə, Ermənistan həmin kəndlərin guya Azərbaycanın işğalı altında olduğunu iddia edir. Xəritədə əksini tapan yaşayış məntəqələrinin ümumi sahəsinin 170 kv.km. təşkil etdiyi bildirilir. Əslində isə Ermənistanın heç bir kəndi Azərbaycan Ordusunun işğalı altında deyil. Rəsmi İrəvan bu məlumatı yaymaqla Azərbaycan silahlı qüvvələrinin Ermənistanla şərti sərhəddə yerləşən strateji yüksəkliklərdən geri çəkilməsini istəyir.

Yəni Ermənistan Baş Nazirinin Aparatının yaydığı dezinformasiya Azərbaycana qarşı növbəti ərazi iddiasıdır. Qeyd edək ki, Ermənistan hakimiyyəti Azərbaycanın guya 31 kəndi “işğal” altında saxladığına dair bir neçə dəfə açıqlama verib. Sonuncu dəfə aprelin 15-də Baş nazir Nikol Paşinyan sözügedən iddianı növbəti dəfə təkrarlayıb. Buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb.

“Azərbaycanın anklav və eksklav kəndləri məsələsinə istinad edən Ermənistan Baş naziri növbəti dəfə guya Azərbaycanın 31 kəndin ərazilərini işğal altında saxladığını iddia etməsi siyasi manipulyasiyanın tərkib hissəsidir. Əvvəlki bəyanatlarında belə kəndlərin 32 olduğunu bildirən Baş nazirə xatırlatmaq istərdik ki, Azərbaycanın səkkiz kəndinin geri qaytarılmasına dair Ermənistanın öhdəlikləri mövcuddur”,- deyə sözügedən bəyanatda qeyd edilir.

Baş nazir Aparatının yaydığı xəritədən də göründüyü kimi, Ermənistan Azərbaycanla şərti sərhədə yaxın mövqelərdə yerləşən kəndləri gah nəzarətdə, gah da “işğal”da olan ərazilər kimi təqdim edir. Reallıq isə başqadır. Ermənistanla şərti sərhəddə olan yüksəkliklər Azərbaycan Ordusunun nəzarətində olduğundan, qarşı tərəfin yaşayış məntəqələrini və yollarındakı hərəkəti aydın müşahidə etmək imkanına malikdir. Bu da Ermənistanı narahat etdiyi üçün Azərbaycanın nəzarətində olan əraziləri “işğal” adlandıraraq siyasi şantajdan istifadə edir.

Əslində, Ermənistanın 31 kənd iddiası ilə bağlı açıqlaması bir neçə məqsədə xidmət edir. Paşinyan hökuməti ilk növbədə, bu məsələni siyasi kampaniyaya çevirməklə Azərbaycana qarşı təzyiq alətinə çevirmək istəyir. Məqsəd sərhədlərin delimitasiyası və demarkasiyası prosesində Azərbaycanın strateji əhəmiyyətli yüksəkliklərdən çəkilməsinə nail olmaqdır.

Paşinyanın mütəmadi olaraq, sərhədlərin 1991-ci il xəritələri əsasında müəyyənləşməsi, eyni zamanda delimitasiya və demarkasiya prosesini “güzgü” prinsipi əsasında həyata keçirmək təklifləri də məhz buna hesablanıb. Ermənistan sülh danışıqlarında daha çox sərhədlərin 1991-ci il Almatı Bəyannaməsi əsasında və Sovet dövrünə aid xəritələrdən istifadə etməklə müəyyənləşməsini qaldırmaqla yanaşı, paralel olaraq silahlanma siyasəti yürüdür. Son zamanlar isə Ermənistan hücum silahlarının və uzaqmənzilli raketlərin alınması yönündə fəaliyyətini genişləndirib.

Bu isə Ermənistanın sərhədlərdəki yüksəklik mövqeləri əldə etmək üçün ağır silahlardan istifadə etməklə hərbi əməliyyatlara hazırlaşdığını göstərir. Yəni Ermənistan bir tərəfdən danışıqlarda Azərbaycanı 31 kənd istiqamətindəki yüksəkliklərdən geri çəkilməyə razı sala biləcək delimitasiya və demarkasiya prosesinin reallaşmasına çalışır. Yəni Ermənistan dinc yolla bu mövqeləri əldə edə bilməsə, müharibə ilə məqsədinə nail olmaq niyyətini nümayiş etdirir. Halbuki, həmin ərazilər Azərbaycanın tarixi torpaqlarıdır və SSRİ dövründə də Azərbaycana məxsus olub. İşğal dövründə sərhədlər ləğv olunduğu dövrdə Ermənistan həmin yüksəklikləri öz ərazisinə qatıb.

Lakin 44 günlük müharibə zamanı Azərbaycan Ordusu bu yüksəklikləri azad edib. Ancaq yeni siyasi reallıqları qəbul etmək istəməyən Ermənistan xaricdən aldığı hərbi və siyasi dəstək hesabına sərhədləri dəyişəcəyinə ümid edir. Sərhəddə təxribatı törətməklə Ermənistan həmçinin, Azərbaycanın hərbi təcavüzünə məruz qaldığına dair rəy yaratmağa çalışır.

Bununla da ermənilər Avropa İttifaqının Azərbaycana qarşı enerji sanksiyaları tətbiq ediləcəyinə ümidlidir. Paşinyan hökuməti sərhəddə müharibəyə başlayacağı təqdirdə, Qərbin Ukraynada olduğu kimi Ermənistana da aktiv siyasi və hərbi dəstək göstərəcəyinə ümid edir. Ancaq Ukraynadan fərqli olaraq, Ermənistan Avropanın strateji təhlükəsizliyi üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki Ukrayna Rusiya və Avropa İttifaqı arasında ən böyük bufer zonadır.

Hazırda bu bufer zona uğrunda qlobal müharibə gedir. Yəni Ukraynaya nəzarət edən tərəf Karpat dağlarından Çinə qədər Avrasiya məkanında geostrateji üstünlük qazanacaq. Buraya Ermənistanın da yerləşdiyi Cənubi Qafqaz, eyni zamanda Mərkəzi Asiya regionu daxildir.

Ermənistanın isə nə Avropa İttifaqı, nə də Rusiya sərhədləri var. NATO-nun Ermənistanla yeganə sərhədi Türkiyə vasitəsilə təmin olunur ki, o da bağlıdır. Ona görə də Qərb Ermənistana fəal hərbi dəstək verməyəcək. Üstəlik, Ermənistanın lojistik imkanlarının həddindən artıq məhdud olması ona aktiv müharibə aparmağa imkan vermir.

Azərbaycanın təhlükəsizliyi isə Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır. Ona görə də Paşinyanın bu ümidləri daha çox siyasi illuziyadır və Ermənistanı böyük riskə ata bilər. Ermənistanın 31 kənd məqələsini ortaya atmaqla eyni zamanda, Azərbaycanın işğal altında saxladığı 8 kəndini qaytarmamaq niyyəti güdür. Lakin Azərbaycan öz ərazilərini güc yolu ilə işğaldan azad etmək hüququna malikdir. Bu səbəbdən, Qərb Azərbaycanı ərazi bütövlüyünu təmin etdiyinə görə ittiham etməyəcək. Ermənistanın planları isə ərazi bütövlüyü prinsipini və regional sabitliyi pozmağa yönəlib.

Geri qayıt