Əsas Səhifə > Güney Press, Ana xəbərlər > Kreditləri dövlət ödəyəcək?

Kreditləri dövlət ödəyəcək?


5-03-2024, 08:58
Kreditləri dövlət ödəyəcək?
Azərbaycanda istehlak kreditləri 7 milyard manat səviyyəsini keçib.

Bu, Mərkəzi Bankın aylıq bülletenində bildirilib. 21 fevral 2015- ci ildə dünya bazarında neftin qiymətinin azalması ilə bağlı Azərbaycan Respublikasında devalvasiya baş verib. Devalvasiya nəticəsində fiziki şəxslər xarici valyutada olan kreditlərdə maliyyə itkisi ilə üzləşib.

Prezident “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu ildə fərman imzalayıb. Bu fərmana əsasən, 126 mindən çox borcalanın kreditləri üzrə hesablanan 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinib. Bundan əlavə, 42 min borcalaın kreditləri tamamilə bağlanıb. 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib.

Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanların genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsin də dövlət dəstəyi göstərilməsi üçün şərait yaradıb.

Xatırladaq ki, ölkədə dollara olan tələbat artıb və bu, manatın ucuzlaşacağı barədə şayiələrin yaranmasına səbəb olub. Ötən müddət ərzində istehlak kreditlərinin artması ölkəmizdə növbəti dəfə problemli kredit məsələsini gündəmə gətirə bilərmi?

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cebhe.info” -ya açıqlamasında deyib ki, insanlar daha yaxşı yaşamaq üçün istehlak krediti alırlar:

“Banklar təklif etməsə, insanlar ala bilmir. Banklar nə qədər ki, rahat şərtlər təklif edir, insanlar gedib onlardan o krediti götürəcəklər. İstehlak kreditlərinin də faiz dərəcəsi biznes kreditlərindən çox yüksəkdir. Banklar daha çox qazanc əldə edir. İstehlak kreditinin problemi yarananda, vətəndaşa təzyiq, təsir etmək daha rahatdır. Çünki vətəndaş qanunları bilmir, pulu yoxdur, vəkil tuta bilmir. Həm də biznesə xırda kredit sərf etmir. Ona görə banklar istəyir ki, daha çox xırda-xırda kreditlər versin, sonra problemləri böyük olmasın”.

Ekspert qeyd edib ki, bu yol səhvdir:

“Biznes kreditləri verilməsə, biznes inkişaf etmir, iş yerlərinin sayı artmır, maaşlar artmır, ona görə də istehlak kreditləri götürənlər geri qaytara bilmirlər. 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatası yarandı və həmin palata məhdudiyyətlər qoyub. Xarici valyutada gəliri, girov qoymaq üçün əmanəti olmayan şəxslərə xarici valyutada kreditlər verilə bilməz. Buna görə də kreditlərin əksəriyyəti milli valyutadadır. Yəni devalvasiya oldu- olmadı, onlara təsiri yoxdur. Devalvasiya təhlükəsi də reallıqda yoxdur”.

Geri qayıt