Əsas Səhifə > Güney Press > Bakıətrafı qəsəbələrin 20 illik dərdi

Bakıətrafı qəsəbələrin 20 illik dərdi


23-02-2024, 17:16
Bakıətrafı qəsəbələrin 20 illik dərdi
Bakının mərkəzi ərazilərində müasir standartlara cavab verən avtobuslar fəaliyyət göstərsə də, şəhərətrafı qəsəbə və kəndlərdə vəziyyət heç də ürəkaçan deyil. Həmin yerlərdə istismar müddətini başa vuran, yararsız avtobuslar xidmət göstərir. Bu isə sakinlərin narazılığına səbəb olur.

Mövzuyla bağlı nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Sabah”a bildirib ki, ictimai nəqliyyatda bu cür avtobusların olması çox təhlükəlidir:

“Avtobusların istismar ili istehsalçı zavod tərəfindən müəyyənləşdirilir. Bu, təxminən 7-10 il arasında dəyişir. Azərbaycanda istismar olunan avtobuslar arasında isə 20 ili geridə qoyan nəqliyyat vasitələri də var. Təbii ki, bu çox təhlükəlidir və həmin səbəbdən böyük problemlər yarana bilər. Burada qəza riski var. Vətəndaşlar həmin avtobuslara görə ictimai nəqliyyatın xidmətindən narazı qalırlar. Mən bu nəqliyyat vasitələrini avtobus hesab etmirəm. Ola bilsin, adları avtobusdur, ancaq onların funksional olaraq avtobusa aid xüsusiyyətləri qalmayıb, çox bərbad və təhlükəli vəziyyətdədirlər. Onların istismarı qadağan edilməlidir. Təəssüf ki, bu gün avtobusların sayı yetərincə deyil. Vətəndaşların yolda qalmaması üçün bu vasitələr məcburi formada istismar olunur. Şəhərin görünüşünə xələl gətirməsin deyə mərkəz ərazilərdə fəaliyyət göstərən avtobuslar yenisi ilə əvəzlənir. Digərləri də qəsəbə və kəndlərdə fəaliyyətlərini davam etdirir. Lakin sözügedən ərazilərdəki vətəndaşlar həmin avtobusların 21:00-dan sonra gözdən itdiyini bildirir və öz narazılıqlarını ifadə edirlər. İnsanlar deyilən saatlarda manatlıq taksilərin ümidinə qalır. Bu da bir müddət sonra onların avtomobil alması ilə nəticələnir”.

Ekspert yaxın müddət ərzində məsələnin öz həllini tapacağını qeyd edib:

“Sözügedən problem müvəqqəti xarakter daşıyır. Bununla bağlı qərar verilib, ümid edirik ki, yaxın zamanda məsələ öz həllini tapacaq. Hazırda Bakıya minimum 1000 yeni avtobus tələb olunur. Paytaxtda təxminən 2000-dən çox avtobus fəaliyyət göstərir. Onların 400-ünün istismara yararsız olduğu etiraf edilib.

Təbiidir ki, hər kəs öz rahatlığını düşünür. Bu da avtomobilləşməni sürətləndirir və şəxsi maşınlara marağı artırır. Bizə bu yox, ictimai nəqliyyatın inkişaf etməsi lazımdır. Sözügedən prosesin qarşısını almaq üçün ictimai nəqliyyatın fəaliyətini fasiləsiz olaraq təmin etmək lazımdır”.

Geri qayıt