Əsas Səhifə > Güney Press > Xalq artistinin yaxınları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qanunsuzluğundan əziyyət çəkir

Xalq artistinin yaxınları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qanunsuzluğundan əziyyət çəkir


12-02-2024, 16:52
Xalq artistinin yaxınları Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qanunsuzluğundan əziyyət çəkir
“Hüquqlarını müdafiə etdiyim iddiaçı İlyas Mirzəyev uzun zamandan bəridir ki, qanuno hüquqlarından yararlana bilmir. Belə ki, onun atası Azərbaycan Respublikasının Xalq artisti, görkəmli bəstəkar, professor Mirzəyev Musa Abdulla oğluna 1990-cı il 27 mart tarixində təqdim olunmuş BTK orderinə əsasən ona Ləhiş bağlarında 5 saylı 12 sot torpaq sahəsi ayrılmışdır. İddiaçı atasının vəfatından sonra 26.08.2016-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mərhumun vərəsəsi kimi miras əmlaklardan bütövlükdə irs almışdır. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən təqdim edilmiş, 1/44 saylı qərarın surətindən göründüyü kimi Mirzəyev Musa Abdulla oğlu Ləhiş bağ-tikinti koorperativinin üzvləri siyahısına daxil edilmişdir. Bağ sahələrinin yerləşmə sxeminə əsasən 5576 nömrəli bağ sahəsinin iddiaçının atasına məxsus olması öz təsdiqini tapmışdır. Bağ sahəsinin mərhum atasına məxsus olması haqqında arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdehin 23.02.2021-ci il tarixli cavab məktubu ilə tələbinin icrasından əsassız olaraq imtina olunmuşdur”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Abbas Quliyev deyib.

Vəkilin sözlərinə görə, Mirzəyev İlyas Əlimusayeviç cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir: “Bakı İnzibati Məhkəməsinin 2-1(112)-926/2023 saylı, 06.04.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş və Bakı şəhər Xalq Deputatları Soveti Icraiyyə Komitəsinin 27.03.1990-cı il tarixli, 1/44 saylı qərarı ilə 160 saylı BTK nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivindən ayrılmış 5576 nömrəli bağ sahəsinə iddiaçının mərhum atası Mirzəyev Əlimusa Abdulla oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən arayışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

Qeyd olunan qərar icraya yönəldilmiş, cavabdeh tərəfindən Mirzəyev İlyas Əlimusayeviçə 15.08.2023-cü il tarixli çıxarış verilmiş, lakin yenə həmin tarixli məktubla torpaq sahəsinə texniki pasportun və plan ölçünün verilməsindən imtina olunmuşdur.

Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, iddiaçının mülkiyyət hüquqlarının təsbit edilməsi üçün müvafiq sənədlərin verilməsi cavabdeh tərəfindən lazımınca yerinə yetirilməmiş, bunun nəticəsində onun qanunla qorunan mənafelərinə ziyan vurulmuşdur”.

Vəkil daha sonra əlavə edir:

“Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 6.1.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlərə aşağıdakılar aiddir:

1) Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması;

2) Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi.

Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qanunla cavabdehin üzərinə qoyulan vəzifələr onun tərəfindən tam formada həyata keçirilməmişdir. Buna görə də iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatının tamamlanması üçün iddia təmin edilməli və cavabdeh tərəfindən qeyd olunmuş əmlaka dair texniki pasport və plan ölçü tərtib edilərək iddiaçıya təhvil verilməlidir.

Bütün bunlara baxmayaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunsuz və əsassız olaraq Daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsindən imtina etmiş, tərəfimizdən təkrarən bununla bağlı iddia qaldırılmışdır.

Ali Məhkəmə bu hallarla bağlı qəbul etdiyi qərarında göstərib ki, burada vahid sənəd prinsipi tətbiq olunmalıdır. Hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın identifikasiyası və fərdiləşdirməsi üzrə göstəricilərini (məkan, coğrafi və texniki göstəriciləri) nəzərdə tutan texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi təmin edilməlidir.

Cavabdeh 01.11.2023-cü il tarixli məhkəmə iclasında mübahisənin məhkəmədən kənar həll edilməsi üçün vaxt istəmiş, məhkəmə iclası həmin tarixdən qeyri-müəyən təxirə salınmışdır. Bu müddətdə müvafiq torpaq sahəsinə plan ölçü və texniki passportun verilməsi üçün heç bir addım atılmamışdır. Cavabdeh heç bir əsas olmadan qanunu pozur, bu Ali Məhkəmənin mövqeyinə ziddir. Qüvvədə olan məhkəmə qərarı mövcuddur, bu qərar icra edilmir. Torpaq sahəsinin hüdudlarından asılı olmayaraq, bu torpaq sahəsinə sahəsinə plan ölçü və texniki passportun verilməsi vəzifəsi vardır. Dəfərlərlə aidiyyəti qurumlara müraciətlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir.

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən süründürməçiliklə, laqeyd şəkildə yanaşıldığından 2022-ci ilin fevral ayından bu günədək öz həllini tapmamışdır. Belə başa düşülür ki, Azərbaycan Respublikasının mədəniyyətinə olan tövhələri və xidmətləri ölkə başçısı tərəfindən qiymətləndirilən mərhum Mirzəyev Əlimusa Abdulla oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin diqqətindən kənardadır və yaxud da qurumun başqa bir marağı var”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyevin diqqəti nəticəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 29 yanvar 2022-ci il tarixində Xalq artisti, bəstəkar Musa Mirzəyevin 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib. Bundan əlavə ötən ilin sonlarında İlyas Mirzəyevin 60 illik yubileyinə həsr olunmuş “Qarabağ İnciləri” adlı konsert təşkil edilmişdir.

Geri qayıt