Əsas Səhifə > Cəmiyyət, Manşet > “365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib...

“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib...


31-08-2024, 12:47
“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib...
“365 tourism” şirkəti mən də daxil, ümumilikdə 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib”.

Bu şikayətlə “Qafqazinfo”ya vətəndaş Əbilhəsən Babayev müraciət edib.

Onun sözlərinə görə, şirkət vətəndaşlara müəyyən məbləğ qarşılığında Serbiyada işlə təminata dair vəd verib: “Mən pulları yığıb şirkətin işçisi Mehrab Xələfov adlı şəxsə verdim. Məni aldadaraq 2500 manatlıq müqavilə imzalatdılar. “Tempo trips” və “365 tourism” şirkətləri hər ikisi eyni adama məxsusdur. Müqaviləni də digər şirkətin adı ilə həyata keçirdilər. Daha sonra bizə məlum oldu ki, bunlar dələduzdur. 30-dan çox adam xaricə yollansa da, mənimlə birlikdə 15 nəfər getmədi. Lakin nə mənim, nə də digər vətəndaşların pulu qaytarılır”.

Ə.Babayev deyir ki, şirkət tərəfindən göndərilən şəxslər də digər ölkədə küçədə qalıb: “Gedənlər Serbiyada küçələrdə qalıb, heç bir işlə təmin olunmayıb. Bəziləri evlərindən bilet aldıraraq geri qayıdıb, qalanı isə hələ də orada müəyyən tikinti işlərində məcburiyyətdən işləyirlər. Lakin həmin insanlara heç bir əməkhaqqı verilmir, geri qayıtmağa da pulları yoxdur. Mehrab Xələfov isə yalandan deyir ki, pulları Əbilhəsənə, yəni mənə veriblər. Lakin mən pulları yığıb şirkətə vermişəm, elə mənə də 3 min manat ziyan dəyib”.

Şikayətçi sözügedən şirkətin Ağsu rayonundan deputatlıga namizəd olan Nəcəfov Ruslan İlyas oğluna məxsus olduğunu iddia edir: “Şirkətin baş direktoru, Nəcəfov Ruslandır, biz pulları Mehraba vermişik. İndi isə Sədaqət adlı bir qadın özünü direktor olaraq təqdim edir və deyir ki, pullarınız qayıtmayacaq. Ruslan Nəcəfov isə mənə xarici bir nömrəylə zəng vuraraq bildirdi ki, hara şikayət etsəniz də, nəticəsiz qalacaq. Buna görə də biz iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə müraciət etdik”.

50 vətəndaşın pulunun mənimsənilməsi iddiaları ilə bağlı şirkətin işçisi Mehrab Xələfovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında iddiaların əsassız olduğunu bildirib: “Biz heç kəsi aldatmamışıq. 50 nəfər şəxs olmayıb. Xaricə göndərdiklərimiz hər biri işlə təmin olunub. Sözügedən 50 nəfər bizim şirkətlə müqavilə imzalamayıb. Onlar başqa şirkətlə müqavilə imzalayıb. Şirkətin direktoru isə Ruslan Nəcəfov deyil, Sədaqət xanımdır”.

Məsələni aydınlaşdırmaq üçün baş direktor olduğu deyilən Ruslan Nəcəfovla da əlaqə saxlamağa çalışdıq. Lakin iddialara R. Nəcəfov yox, onun işçisi cavab verdi: “Ruslan bəy “365 tourism” şirkətinin rəhbəridir. Hazırda da bu vəzifəni icra edir. İddialar absurddur. Bu məsələnin bizim şirkətə aidiyyəti yoxdur”.

Vətəndaşlara qarşı edilmiş dələduzluq iddiaları ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. Qurumun Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru Mahir Məsimov sorğuya cavab olaraq bildirib ki, iyulun 18-də Şamaxı Rayon Polis Şöbəsinə bu barədə müraciət daxil olub: “Bir qrup şəxs turizm şirkətlərindən birinin əməkdaşının onları xarici ölkəyə apararaq orada işlə təmin edəcəyi adı ilə 132 700 manat pulu ələ keçirdiyini bildirib. Araşdırma zamanı tərəflərin bir neçə dəfə görüşdükləri və şirkət tərəfindən həmin şəxslərin xarici ölkəyə göndərilərək orada işlə təmin ediləcəkləri barədə aralarında razılaşdıqları məlum olub.

Avqustun ayının əvvəllərində isə şirkət tərəfindən verilən vəd yerinə yetirilərək vətəndaşların 34 nəfəri işləmək üçün həmin ölkəyə göndərilib. Ancaq bəziləri getməkdən imtina edərək şirkətdən ödənilən maddi vəsaitin geri qaytarılmasını tələb ediblər. İstintaq araşdırmaları zamanı əməldə dələduzluq faktı aşkarlanmadığından həmin şəxslərə qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etmələri izah olunub”.

Məlumat üçün bildirək ki, Mehrab Xələfov Ruslan Nəcəfovun şirkətin rəhbəri olduğunu təkzib etsə də, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında da namizədin iş yeri kimi “365 tourism” MMC-nin direktoru olduğu qeyd edilib.

“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib...
“365 tourism” şirkəti 50 nəfərin 132 min 700 manat pulunu mənimsəyib...

Geri qayıt