Əsas Səhifə > Partiya, Güney Press > "Rəsmi Bakı həmin dövlətlərə dəstəyini bir qədər də artırmalıdır"

"Rəsmi Bakı həmin dövlətlərə dəstəyini bir qədər də artırmalıdır"


25-06-2024, 07:59
"Rəsmi Bakı həmin dövlətlərə dəstəyini bir qədər də artırmalıdır"
“Fransa-Azərbaycan münasibətləri rəsmi Parisin yürütdüyü siyasət səbəbilə gərginləşib”.

Bu sözləri Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, gərginlik hələ də davam edir:

“Çox təəssüf ki, Fransa Azərbaycanın torpaqları işğal altında qaldığı 30 il ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri kimi yürütdüyü siyasəti İkinci Qarabağ müharibəsi dövründə və ondan sonra bir qədər də gücləndirib. Rəsmi Paris ermənilərə dəstək verməyə davam edir, İrəvanla hərbi müqavilələr imzalayır.

Üstəlik, əvvəl müdafiə silahları verirdisə, indi hücum təyinatlı silahlar ilə Ermənistan ordusunu təchiz edir. Hətta artıq Fransa hərbi qüvvələrin Ermənistan ərazisinə göndəriləcəyi iddia olunur”.

Partiya sədri onu da diqqətə çatdırıb ki, Fransa Şimali Afrika və Yeni Kaledoniyada müstəmləkə siyasəti yürüdüb:

“Amma son dövrlərdə yürütdüyü siyasət səbəbilə Şimali Afrikadan sıxışdırılıb çıxarılır. Sanki Fransa onun əvəzinə Ermənistan üzərindən Cənubi Qafqaza gəlmək istəyir. Əlbəttə, Azərbaycan buna heç bir halda imkan verə bilməz. Nəzərə almaq lazımdır ki, Yeni Kaledoniya və Fransanın müstəmləkəsi olan digər ərazilərə qarşı bir hərəkat güclənməkdədir.

Müstəmləkədən azad olmaq və müstəqil siyasət yürütməklə bağlı BMT-nin konvesiyaları var”.

Arzuxan Əlizadə hesab edir ki, Azərbaycan Yeni Kaledoniyanın müstəqilliyinin tanınması istiqamətində addım ata bilər:

“Bir müddət əvvəl paytaxtımızda müstəqillikləri uğrunda mübarizə aparan xalqlara dəstək üçün tədbir keçirildi.

Bundan sonra həmin xalqlara, dövlətlərə siyasi və mənəvi dəstəyimizi davam etdirmək istəyirik. Azərbaycan beynəlxalq hüquq baxımından öz müstəqilliyi bərpa etməyə, müstəmləkə siyasətindən xilas olmağa çalışan xalqlara və dövlətlərə dəstək vermək siyasəti həyata keçirir. Hesab edirəm ki, rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində həmin dövlətlərə dəstəyini bir qədər də artırmalıdır. Biz özümüz uzun illər bundan əziyyət çəkdiyimizə görə həmin xalqların hansı vəziyyətdə olduqlarını çox gözəl başa düşürük. Fransanın buna necə reaksiya verəcəyinin isə bizim üçün heç bir əhəmiyyəti yoxdur. Rəsmi Paris müstəmləkə siyasət yürüdərək, işğalçı Ermənistana dəstək verərək özünün olmayan nüfuzunu zərbə altına qoyur. Fransanın yürütdüyü bu siyasət onun gələcəkdə hansısa formada Cənubi Qafqazda təmsil olunmaq imkanlarını da sıfıra endirir”.

Geri qayıt