Əsas Səhifə > Partiya, Güney Press > “Eşitməmişəm ki, Azərbaycan benzini ilə əlaqədar kimsə mənfi söz desin”

“Eşitməmişəm ki, Azərbaycan benzini ilə əlaqədar kimsə mənfi söz desin”


6-06-2024, 09:57
“Eşitməmişəm ki, Azərbaycan benzini ilə əlaqədar kimsə mənfi söz desin”
Xəbər verdiyimiz kimi, “Top Gear” proqramının aparıcıları Ceremi Klarkson, Ceyms Mey və Riçard Hammondun Azərbaycan səfəri çərçivəsində çəkdikləri görüntülər müzakirəsiz ötüşməyib. Britaniyalı məşhur teleaparıcı Klarksonun səsləndirdiyi “neftin ana yurdu Azərbaycan dünyada ilk neft quyularının tapıldığı yer kimi bilinir, amma çox qəribədir ki, yol boyunca bir dənə olsun yanacaqdoldurma məntəqəsi tapmırıq, nəhayət ki, birini tapdıq, amma adı neft şirkətinin adına yaraşmır, niyə onlar “Formula 1” yarışlarına sponsorluq etmirlər?” kinayəli sözləri etirazla qarşılanıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycana gələn xarici qonaqların hamısı ağızdolusu, çox razı şəkildə danışırlar.

“Hər gün “Youtube”da verilişlərə, xəbərlərə, məlumatlara baxıram. Bakıdakı təmizlik, yollar, keyfiyyətli yemək, qonaqpərvərlik kimi bir çox müsbət cəhətləri qeyd edirlər, o cümlədən inkişaf. Azərbaycanda inkişafı görməyən kordur. Əlbəttə, dırnaqarası cənab bloqer Klarksonun Azərbaycanda biznesin həyata keçirilməsi mexanizmindən xəbəri yoxdur. Bizdə kiçik avtoyanacaq stansiyaları daha çox rayonlardadır. O demək deyil ki, məntəqənin adı hökmən məşhur neft kampaniyasının adı ilə bağlı olmalıdır. Bizdə bu cür minlərlə kiçik stansiya var. Kimsə öz uşaqlarının adını qoyur, yaxud ürəyi istədiyi adı. Bu, qanunazidd deyil”, - deputat deyib.

R.Quliyev bildirib ki, Azərbaycan neftinin keyfiyyəti barədə bütün dünyada əfsanələr gəzir: “Bilirsiniz ki, “Azerilight” ən yüksək brend markalı neftdən 2 dollar yarıma qədər baha satılır. Bazar bunu qəbul edib. Bu günə qədər eşitməmişəm ki, Azərbaycan benzini ilə əlaqədar kimsə mənfi söz desin. Ola bilər, hansısa məntəqələrdə benzini qarışdırırlar. Lakin belə məntəqələri tez-tez yoxlayır, lisenziyalarını əllərindən alırlar. Azərbaycanın müsbət cəhətlərini görməyib, yalnız avtoyanacağın adına fikir vermək... “Niyə burada “BP” və ya “LUKOIL” kimi nəhəng neft şirkətinin adı yoxdur?” demək gülüncdür. Kiçik sahibkarlıq inkişaf edir. İnsanlar istədikləri adları qoyur, qanunamüvafiq şəkildə istədikləri yerdə məntəqə açırlar. Düşünürəm, Klarkson Bakıya qədər magistrallarda nəhəng Azərbaycan kampaniyalarının yanacaq stansiyalarını görə bilər. Diqqətli olmaq, hər yazılan sözə məsuliyyət daşımaq lazımdır”.

Geri qayıt