Əsas Səhifə > Hadisə, Manşet > Dillər Universitetinin də öz qanunları var...

Dillər Universitetinin də öz qanunları var...


Bu gün, 11:01
Dillər Universitetinin də öz qanunları var...
"Nyutonun alma əhvalatının onun bioqrafı Uilyam Staklinin uydurması olduğu bildirilir. O da bildirilir ki, Nyutonun bağında alma ağacı ümumiyyətlə olmamışdır. Bu əhvalatı kəşfini qardaşı qızı Katerinaya sadə şəkildə izah etmək üçün Nyutonun özünün uydurduğu da iddia olunur". Dia-az.İnfo bildirir ki, bunu xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Başqa bir uydurmaya görə, Nyuton nağıl həvəskarı imiş. Bir gün alma ağcının altında oturub lüğətin köməyilə Azərbaycan nağıllarından birini oxuyurmuş. Nağılın sonuna çatanda altında oturduğu alma ağacından onun başına bir salxımda birləşmiş üç alma düşür. Almanın birini yedikdən sonra Nyutonun ağlına cazibə qüvvəsi haqqında fikir gəlir və beləliklə, o, cazibə qanununu kəşf edir. O biri iki almanı isə Nyuton mumiyalayaraq yeni kəşflər üçün gizlədir. Sonralar kimsə bundan xəbər tutaraq almaları oğurlayır.
336 il sonra həmin almalardan birini Kamal Abdullayev Qazaxıstandan olan bir ezoterikin köməyilə əldə etməyə müvəffəq olur. Almanı ikiyə bölüb yarısını yedikdən sonra onun ağlına “Mıxolinqvistika” kitabının məzmunu gəlir və dərhal onu yazıb çap etdirir. Diplom satmaqla böyük pullar qazanmış, amma hələ doymamış, pula həris bu rektor almanın o biri yarısını satmaq qərarına gəlir. Çox keçmədən onu satmaq üçün ən yaxşı müştərinin Çoşqun Dadaşov olduğunu müəyyənləşdirir və elə ona da satır. Bu hadisə 2023-cü ilin sentyabrında Coşqun Dadaşov Azərbaycan Dillər Universitetinin doktoranturasına qəbul olduqdan sonra baş verir. Almanı yedikdən sonra Coşqun Dadaşova o qədər böyük qüvvə gəlir ki, 6 ay sonra – 2024-cü ilin 23 aprelində o, artıq yazıb yekunlaşdırdığı dissertasiyanı müzakirəyə təqdim edir.
Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamənin dissertasiyaların müdafiəsi üçün iddiaçılar qarşısında qoyduğu tələblərə baxaq:
“2.17. Fəlsəfə doktoru dissertasiyasının nəticələrinə dair iddiaçının beş, o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə humanitar və ictimai elmlər üzrə azı bir ... məqaləsi dərc edilməlidir.
2.20. Respublika və ya beynəlxalq miqyaslı elmi tədbirlərin (konfrans, konqres, simpozium və s.) nəticələri üzrə dərc olunmuş məruzə və tezislərin sayı fəlsəfə doktoru elmi dərəcəsi iddiaçıları üçün azı üç (beynəlxalq elmi tədbirlərin nəticələri üzrə azı biri xaricdə dərc olunmaqla) ... olmalıdır.
Bundan başqa, Əsasnamənin 2.7. bəndinə uyğun olaraq fəlsəfə doktorluğu alimlik dərəcəsinə iddia edən şəxs xarici dil və ixtisasdan imtahan verir.
Coşqun Dadaşov bütün bunların öhdəsindən çox “uğur”la 6 ay ərzində gəlmişdir. Başqa iddiaçılar buna uzun illər sərf etdiyi, uzun müddət dissertasiyanın müzakirəsi üçün növbə, bundan sonra daha bir neçə il elmi seminar növbəsi gözlədiyi halda yarısını Kamal Abdullayevin, yarısını da Coşqun Dadaşovun yediyi o alma bütün məsələləri, elə Maykl Murkokun yaradıcılığında mifoloji zamanda olduğu kimi, belə qısa müddətdə həll etməyə imkan vermişdir.
Coşqun Dadaşovun oktyabr ayında, yəni doktoranturaya qəbul olunduğunun birinci ilinin tamamında “Maykl Murkok yaradıcılığında mifoloji zaman və gerçək dünya” mövzusunda dissertasiya müdafiə edəcəyindən xəbər tutmuş bir qrup britaniyalı gəlib müdafiədə iştirak etməyə qərar vermişdir. Belə bir məlumat da vardır ki, Britaniya muzeyi Coşqun Dadaşovun 6 aylıq dissertasiyasının müzakirəsi haqqında “məşhur” elanının orijinalını (əlavə olunur) alıb bu muzeyin ən qiymətli eksponatları sırasında nümayiş etdirmək üçün ona böyük məbləğdə pul təklif edir.
Göydən üç diplom blankı düşdü – biri Coşqun Dadaşovun, ikisi də satmaq üçün – Kamal Abdullayevin. Allah müştərisini yetirsin.

***

Bir bəd xəbər də vardır. Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidməti (Secret Intelligence Service) artıq həmin oğurlanmış almanın izinə düşüb..."

Dillər Universitetinin də öz qanunları var...

Geri qayıt