Əsas Səhifə > Hadisə, Manşet > Ağstafa təhsilini görün, nə günə qoyublar ki...

Ağstafa təhsilini görün, nə günə qoyublar ki...


5-09-2024, 10:21
Ağstafa təhsilini görün, nə günə qoyublar ki...
Tovuz-Qazax Regional Təhsil İdarəsinin, Ağstafa təhsil sektorunun və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə razılaşdırılmış hərəkətləri ilə, Ağstafanın təhsil müəssisələrinin rəhbər vəzifələrini təmənna qarşılığında “pay-püşk” etmələri, yaxud, məktəb direktorlarına, direktor müavinlərinə kreslolarını qorumaq üçün müəyyən şərtlər irəli sürmələri barədə indiyədək çox demişik, çox yazmışıq. Söz yox, haqqa, ədalətə, qanunun aliliyinə, öz savadlarına və qüsursuz işləmələrinə güvənib “Triada”nın şərtlərinə boyun əyməyən istisna şəxslər də tapılırdı. Məsələn, Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva kimi.

Bu yerdə qeyd etməyə dəyər ki, sözügedən məktəb rayonun ən qabaqcıl, müəllim və şagird sayına görə ən böyük kontingentli təhsil müəssisələrindən biri olduğuna və az-çox imkanlı valideynlərin yaşadığı şəhər inzibati ərazi vahidində yerləşdiyinə görə, hər zaman rəhbərliyin “xüsusi diqqət” mərkəzində olub və məktəbdə təyinatlara “həssas” yanaşılıb. “Triada” Vəfa Tağıyeva kimi mübariz təhsil içilərini gözdən salmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmədilər. Elə “Triada”nın ən ucuz əlaltıları kimi önə verdikləri, daha “yağlı” vəzifə vəd edib baş redaktorumuza qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açmağa təhrik etdikləri Afaq Mustafayeva — Bayram Bayramov cütlüyünün məhkəmədə israrlarından biridə o olur ki, Ağstafa təhsil sistemindəki qanunsuzluqlar barədə məlumatları redaksiyamıza ötürən mənbənin, məhz Vəfa Tağıyeva olduğunu təsdiq edək. Hətta, məhkəmə zalından kənarda, dəhlizlərdə hər iki şəxs israr edir ki, əgər biz məhkəmədə rəsmi qaydada desək ki, faktları Vəfa Tağıyeva verib, o halda iddalarından vaz keçəcəklər. Görünür, hər iki iddiaçı öz qənaətlərinə görə hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin baxış bucağında təhsil işçilərinin korruptiv əməllərinin ictimailəşdirilməsi elə də qəbahət deyil, amma bu əməllər barədə infomasiyanın, məhz təhsil işçisi tərəfindən mətbuata ötürülməsi bağışlanmazdır. Təbii ki, biz belə çirkin sövdələşməyə gedə bilməzdik, hətta informasiyanı verən əsl mənbənin də kim olduğunu açıqladıq. Məhkəmənin çıxardığı qərara da hörmətlə yanaşdıq.

2 saylı məktəbə son 9 ay ərzində 10 dəfə yoxlama komissiyası göndərib Vəfa Tağıyevanı ləkələyəcək heç nə tapmasalar da, nəhayət, onu vəzifədən kənarlaşdırmağa, yerinə isə “qollarına qolay” adam təyin etdirməyə nail oldular. Bu azmış kimi, Afaq Mustafayevaya 2 saylı məktəbin təşkilati məsələlər üzrə direktor müavini vəzifəsini “peşkəş etdilər”. Özü də heç bir imtahan götürmədən. Həmin vəzifənin əvvəlki sahibi ilə necə rəftar edildiyi barədə isə həmin şəxsin qardaşı sosial şəbəkədə müfəssəl yazmışdı. Söz gəzir ki, iddiaçı olan bu xanımın həyat yoldaşı Bayram Bayramov da Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsindən 2 saylı şəhər məktəbinə “transfer” edilməklə mükafatlandırılacaq.



Yəqin ki, sadiq oxucularımız xatırlayarlar, söhbət o Afaq Mustafayevadan gedir ki, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Zeynalovun yanında “hüdudsuz xətir-hörmətindən” istifadə edərək, həyat yoldaşı Bayram Bayramovu, Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat işləri üzrə müdir vəzifəsinə düzəldilməsinə nail olub. O Afaq Mustafayeva ki, heç də quru maaş hesabına toplamadığı pullarını anası Fazilə xanımın əli ilə zinət əşyaları girov götürmək hesabına faizlə borc verir və onların sələm tələsinə düşənlərdən biri olan Siranuş Eyyubova da, hüquq-mühafizə orqanlarında həlli düyünə düşən şikayətini xeyli müddət bundan əvvəl “Dəryaz” qəzetinin səhifələrinə çıxarmışdı.



O Afaq Mustafayeva ki, “Dəryaz” qəzetinin redaksiyasına etdiyi telefon zəngi zamanı o, özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı deyə təqdim edərək, redaksiya rəhbərini təhdid etmişdi, az sonra isə özünü “aydan arı, sudan duru” hesab edən bu xanımın “bic” əməllərinin üstü açılmışdı.

Əlbəttə, yazdığımız tənqidi məqalələrin tam təsirsiz ötüşdüyünü də demək olmaz. Çünki, rəhbərlik tərəfindən Mədət Zeynalova da, Afaq Mustafayevaya da töhmət verilmişdi. Bu fakt Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlının etirafedici səs yazıları ilə təsdiqlənib. Lakin ictimai rəyin tənbehin elə də sərt olmayan bu növü ilə qane olmayacağını görüb “qara məni basınca, qoy qaranı mən basım” taktikasını seçdilər. İddiaçıların ifadələrini əhəmiyyətli hesab etdiyimiz bəzi şəxslərin şahid qismində iştirakını istəmədikləri məhkəmədə qazandıqları müvəqqəti, “Pirr qələbəsi” onları arxayınlaşdırmasın. Ataların belə bir zərb məsəli var: “Haqq nazilər, amma üzülməz!”. Bayram Bayramovun həyat yoldaşının öz ərinin heç də fəxarət doğurmayan ləqəbinin nə olduğunu məhkəmə zalında dilə gətirməsi də faktdır. Afaq Mustafayeva və Bayram Bayramovun ikincinin qardaşı qəzada dünyasını dəyişib morqda olarkən cibindən seyf açarlarını götürüb mərhumun həyat yoldaşından xəlvətcə saxlancdakı 50 min manata qədər olan pul vəsaitini və zinət əşyalarını mənimsəmələri barədə şikayət, bu gün də hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır.

Bütün bunlardan sonra ortaya bir çox düşündürücü suallar çıxır. Bəyəm, əsassız olsa belə normal adam barəsində bu qədər fərqli-fərqli ittihamlar səsləndirilməlidirmi? Yaxud da, təsdiqini tapmasa belə normal adam barəsində bu qədər şikayət olmalıdırmı? Normal adamın işi bunca məhkəmə müstəvisinə çıxmalıdırmı, çəkişməni udsa belə? Sən kim olasısan ki, hamı səni şərləmək, üstünə böhtan atmaq istəyir? Bütün bu sualların cavabı budur ki, od olmayan yerdən tüstü çıxmaz.

Və sonda Təhsil Naziri cənab Emin Əmrullayevdən xahiş etmək istəyirik ki, Afaq Mustafayevanın nə vaxt, necə imtahan və müsahibə verdiyini əks etdirən görüntülər çıxarılıb incələnsin.

Mövzunu davam etdirəcəyik.

Deryaz.az

Geri qayıt