Əsas Səhifə > Ölkə, Manşet > Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?..

Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?..


Bu gün, 11:08
Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?..
"Müxtəlif təhsil ocaqlarında müəllimlikdən (44 nömrəli məktəb, Bakı Türk liseyi, Bakı İslam Universiteti, Bakı Dövlət Universiteti) savayı, 9 il kafedra müdiri (NDU, Şərq dilləri və ədəbiyyatı kafedrası), dövlət qulluğunda 1 il şöbə müdiri, ardınca dövlət vəzifəsində10 il idarə rəisi oldum və nəhayət, akademiyada 10-cu ildir ki, şöbə müdiriyəm. Məsuliyyətlə, vicdanla çalışdım, fəqət bəzi “bacarıqlılar” kimi özümə gün ağlaya bilmədim. Xaraktercə qətiyyən vəzifəyə meyilli birisi olmamışam və deyiləm". Dia-az.İnfo xəbər verir ki, bunu AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov bildirib.

Doğrudanmı, YAXŞI yaşamaq üçün PİS olmalısan?..

İdris Abbasov

Hal-hazırda bir elm adamının və şəxsən özünün sosial problemlər içində boğulduğunu diqqətə gətirən İ.Abbasov daha sonra bildirir: "Dəvət ediblər, xeyli tərəddüd etmişəm və dəvətlə bağlı məsləhət istədiyim insanlar, əsasən, özümdən daha təcrübəli saydığım tələbə yoldaşlarım və tanışlar dəvəti qəbul etməyimi məsləhət biliblər. Hətta onlardan biri: “Müəllimliklə hara qədər gedəcəksən? Get, 1-2 il işlə, bilik və bacarığını, dil bilgilərini göstər, sonra ərəb ölkələrindəki səfirliklərimizin birində işləməyə göndərərlər. Sən qabiliyyətini yas mərasimində göstərmisən, çıxış etmisən, təcvidlə Quran oxumusan, ərəbcə duaları həm də ana dilində söyləmisən, orijinal performansın auditoriyanı təəccübləndirib və mərasimdə iştirak edən rəhbər şəxslər sənin dövlət üçün məhz dini sahədə faydalı olacağını düşünüblər. Yeni qurumdur, get, təşkil et, məharətini göstər. İmtina etməyin xidmətdən yayınan fərari əsgərin davranışına bərabər olar və bütün yolların bağlanar, heç müəllimlik etməyə də qoymazlar”. Getdim və 1-2 il güman etdiyim o vəzifə 11 ilə yaxın çəkdi və real şəraitdə vəzifənin mənim kimi adamlar üçün bir işgəncə olduğunu bir daha təsbit etdim. Mənim üçün vəzifə = ağır məsuliyyət, dərd, qayğı, stress və narahatlıq. Vəzifədən çıxmaq üçün dəfələrlə etdiyim müraciətlərə “Səni bura gətirmişik, otur, işlə!” cavabını aldım. Rəhbərliyin iradəsinə zidd addım atılmasının bədəli isə ağır idi. Yalnız 10 ildən sonra Bakıya xəstəxanaya yerləşdirildim. Oradan dəfələrlə göndərdiyim ərizələr əsasında, nəhayət, vəzifədən azad olundum (noyabr 2012-ci il).
Xəstəliklə pensiyaya çıxıb yüksək təqaüd almağımı təklif edənlər az olmadı. Dedilər ki, həkimlərə görüm-baxım edim (yəni rüşvət verim), dövlət qulluğu ilə pensiyaya çıxım: “Qalxan templə azı 1000-2000 pensiya alıb ömür boyu kef edəcəksən”. Təəssüf ki, dövlətə və xalqa xəyanətlə belə “kef edənlərin” sayı az deyil. Dogrudur, bir sıra üzvi xəstəliklərim təqaüdə çıxmağımı qanuni cəhətdən inkar etmirdi, ancaq mənim xəstəliklərim zehni əmək qabiliyyətimi istisna etmir axı. Keçən 12 il ərzində bir çoxlarının etdiyi fırıldaq və rüşvət yolu ilə dövlət büdcəsinə vurulan böyük məbləğdə təqaüd ziyanlarının iştirakçısı olmadığım üçün Allahıma şükür edirəm. Və Rəbbimə ona görə həmd edirəm ki, mövcud xətəliklərin müqabilində məni müayinə edən həkimləri heyrətə salacaq dərəcədə işləmək gücü və potensialı verdi...
Azərbaycanda real iş təcrübəmdən mənə bir daha aydın oldu ki, vəzifədə olduğun müddətdə yüksək maaş alıb maddi-məişət ehtiyaclarını qarşılaya bilərsən, fəqət dövlətin və xalqın gələcəyinin şikəst edilməsi prosesində ciddi paya sahib olmasan, yaxud cinayətə bulaşmasan, nəinki var-dövlətə, hətta məskunlaşa biləcəyin normal bir mənzilə belə, sahib ola bilməzsən.
Paradoksal görünsə də, təhsildən, o cümlədən işə qəbul olunmağımdan tutmuş işlədiyim müddət ərzində bütün həyatım boyu heç vaxt bəhanə və fırıldaq yolu ilə pul qazanmağın, rüşvət alış-verişinin subyekti, yaxud obyekti olmamışam. Deməli, yaşadığımız cəmiyyətdə nə qədər xidmətin, dürüst əməyin olsa da, əgər rüşvət və qanunsuz qazanc yollarına əl atıb öz dövlətinə və xalqına ziyan vurmasan, sonunda maddi ehtiyaclar içərisində məhv olmağa doğru gedəcəksən...
Nə qədər pozitiv görünməyə çalışsam da, hazırda sadalanan pisliklərə baş vurmayan bir azərbaycanlı ailəsi olaraq şəxsən mənim maddi-sosial durumum daha da pisləşməyə doğru gedir. Dövlətə və xalqa nifrət etmək prosesinə qoşulmadığım üçün, görünür, cəmiyyət mənə daha ağır cəza vermək qərarına gəlib..."

Geri qayıt