Əsas Səhifə > Şou-biznes > “Vaqif Mustafayevin filmi qələbəmizi tam əhatə edə bilmədi, zəif oldu”

“Vaqif Mustafayevin filmi qələbəmizi tam əhatə edə bilmədi, zəif oldu”


5-03-2024, 09:44
“Vaqif Mustafayevin filmi qələbəmizi tam əhatə edə bilmədi, zəif oldu”
“Kinoittifaqın qurultayına mən də dəvətliyəm. Məni xalq artisti Şəfiqə Məmmədova dəvət edib. Təəssüf ki, gedə bilməyəcəm. Teatrda Çingiz Aytmatovun “Əsrə bərabər il” əsərini hazırlayırıq. Səhər saat 10-dan axşam 10-a qədər teatrda məşqdə olmalıyıq. Ona görə gedib iştirak edə bilməcəyəm. Bizim üçün əsas teatrdır. Teatrın əksəriyyətinin kimi dəstəklədiyini açıq deyə bilməyəcəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Əli Nur deyib. O daha sonra əlavə edib.

“Rasim Balayev də, Şəfiqə Məmmədova da böyük sənətkardırlar. Mən onların ikisini də çox istəyirəm. Amma artıq yorulublar. Onların kinoda böyük fəaliyyətləri olub. Yenidən oranı qurmaq, dirçəltmək üçün ayrıca bir qüvvə lazımdır. Mənim Şəfiqə xanıma böyük hörmətim var. Şəfiqə xanım teatr səhnəmizdə əfsanəvi aktrisa olub. Mərziyə Davudova, Hökümə Qurbanova, Şəfiqə Məmmədova, Amaliya Pənahova öz dəsti-xətti ilə seçiliblər. Onlara mənim misilsiz hörmətlərim olub. Mən Şəfiqə xanıma səs verərdim. Əslində köhnə ittifaqlar ləğv olunmalıdır, bir kinoittifaq olmalıdır və başında da bir gənc dayanmalıdır. Azərbaycanda kino sıfırdır, yoxdur. Aktyorlardan istifadə olunmur. Professional kinorejissor yoxdur. Necə ki, Sovetin vaxtında Həsən Seyidbəyli, Tofiq Tağızadə, Əjdər İbrahimov kimi rejissorlarımız var idi, indi onların sayı azalıb. İndi film çəkə bilmirlər, eybəcər çəkirlər. Bizim misilsiz qələbəmiz oldu. Tarix boyu Azərbaycanda bu cür qələbə olmayıb. Bu qələbə ilə dünyaya çıxmaq olar. Hələ bu haqda film çəkilməyib. Rəhmətlik Ceyhun Mirzəyev o vaxt biz məğlub olanda “Fəryad” filmini çəkdi. İndi qələbə bizimlədir. Vaqif Mustafayevin çəkdiyi “Həyat deyəsən gözəldir” filmi bütün bunları əhatə edə bilmədi. Zəif oldu. Ən böyük arzum odur ki, Sovet illərində olduğu kimi güclü kinostudiyamız yaransın, orada filmlər çəkilsin. O qədər tarixi qəhrəmanlarımız haqda filmlər çəkmək olar ki” deyə sənətkar bildirib.

Geri qayıt